"Marneuli Meriyasının əməkdaşı iri məbləğdə rüşvət alarkən DTX tərəfindən yaxalanıb"
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində külli miqdarda dələduzluğa cəhd faktı üzrə iki nəfər saxlanılıb.
Xeber.ge xeber verir ki,
DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze brifinqdə bildirib ki, istintaqla Marneuli bələdiyyəsində yerləşən 20 000 kv.m sahəsi olan torpaq sahəsinin bir neçə hissəyə bölünməsi məsələsinin Meriya tərəfindən müsbət həll edilməsi müqabilində vətəndaşdan rüşvət tələb edildiyi müəyyən olunub.
Məlumata görə, Meriyanın inzibati xidmətinin əməkdaşı və onun etibar etdiyi şəxs vətəndaşdan ümumilikdə 60 000 ABŞ dolları tələb ediblər. Onlar sövdələşmənin ilkin mərhələsi kimi 5 000 dolları alarkən cinayət başında yaxalanıblar. DTX-nin yaydığı gizli çəkiliş kadrlarında saxlanılan şəxsin məbləği qəbul etdiyi və məsələnin "100 faiz həll olunacağına" dair təminat verdiyi əks olunub.
Qeyd edək ki, saxlanılan Rima Otaraşvili hakim "Gürcü Arzusu" partiyasının fəal tərəfdarı kimi tanınır. O, 2022-ci ildə Marneulidə vətəndaş cəmiyyəti fəalları ilə baş verən qarşıdurmada iştirakı ilə gündəmə gəlmişdi.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19 və 180-ci maddələri (külli miqdarda dələduzluğa cəhd) ilə istintaq aparılır. Törədilən cinayət əməlinə görə təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.