Kobaxidzedən Saakaşvilinin ittihamlarına cavab

Mar 9, 2026 - 18:22
 0  84
Kobaxidzedən Saakaşvilinin ittihamlarına cavab

Gürcüstanın Baş naziri İrakli Kobaxidze eks-prezident Mixail Saakaşvilinin ölkənin müdafiə qabiliyyətinin qəsdən zəiflədilməsi ilə bağlı ittihamlarına münasibət bildirib.

   

Xeber.ge xeber  verir ki, Baş nazir "Pirvelebi" telekanalının suallarını cavablandırarkən hərbi sirlərin qorunmasının vacibliyini vurğulayıb.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda Gürcüstanın hava məkanının nə dərəcədə qorunması və 2023-cü ildə anonsu verilən dron istehsalının taleyi ilə bağlı suallara Kobaxidze konkret detallar açıqlamaqdan imtina edib: "Müdafiə məsələlərinə gəldikdə, bu cür məlumatlar təbii ki, asanlıqla ictimaiyyətə açıqlanmamalıdır. Hər şey ölkəmizin müdafiə maraqlarına uyğun şəkildə həyata keçiriləcək. Bizim konkret strategiyamız və planımız var. Hava hücumundan müdafiə (HHM) sistemləri həm maliyyə, həm də resurs baxımından çox mürəkkəb məsələdir və bu barədə bəsit, səthi danışmaq olmaz", - deyə hökumət başçısı bildirib.

Jurnalist Kobaxidzeyə keçmiş müdafiə naziri İrakli Alasaniyanın 2013-cü ildə Fransa ilə HHM sistemlərinin alınması ilə bağlı danışıqların qəfildən dayandırılması barədə iddialarını xatırladıb. Baş nazir bu mövzuda bir çox səbəblərin ola biləcəyini qeyd edib: "Xərc və effekt nisbəti konkret sistemlərin alınmasının məqsədəuyğun olub-olmamasına təsir edən əsas amillərdən biridir. Biz peşəkarlarla birlikdə ölkənin müdafiə gücünün artırılması üzərində işləyirik".

Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 7 noyabr hadisələri ilə bağlı keçirilən məhkəmə prosesində Bidzina İvanişvilini dövlətin müdafiə qabiliyyətinə qəsdən zərər vurmaqda ittiham edib. Saakaşvilinin iddiasına görə, İvanişvili 2013-cü ildə HHM sistemlərinin ölkəyə gətirilməsini bloklayaraq Gürcüstan səmasını müdafiəsiz qoyub.