Gürcüstanda “oğru dünyası”na qarşı əməliyyat: 80 nəfər saxlanıldı-VİDEO

Oct 3, 2026 - 12:33
 0  12

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Gürcüstan Baş Prokurorluğu ilə birgə son 24 saat ərzində Tbilisi və regionlarda qondarma „oğru dünyası“ ilə əlaqədə olan 80 nəfəri saxlayıblar. Daha 14 nəfərə ittiham irəli sürüləcək. Onlardan bəzilərinə cəzaçəkmə müəssisəsində, digərlərinə isə qiyabi şəkildə ittiham elan ediləcək. Onların arasında xaricdə olan bir „qanuni oğru“ da var.

XEBER.GE xeber  verir ki, DİN-də keçirilən brifinqdə bildirilib ki, hüquq-mühafizə orqanlarının intensiv şəkildə apardığı istintaq, o cümlədən məhkəmə qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xaricdə olan qondarma „qanuni oğru“ Giorgi Qoqoladzenin adı və himayəsi altında onun ətrafındakı şəxslər sistemli şəkildə qondarma „oğru razılaşmaları“ təşkil edib və qərarları „oğru ənənələri“nə uyğun qəbul ediblər.

Konkret olaraq, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə tərəflər arasında yaranmış maliyyə mübahisələrini müzakirə edib, qondarma „oğru razılaşması“ nəticəsində mübahisə edən tərəflərdən birini digər tərəfin, eləcə də özlərinin xeyrinə müəyyən məbləğdə pul ödəməyə məcbur ediblər.

Üzərlərinə qoyulan öhdəliyi yerinə yetirmədikdə və ya müəyyən edilmiş müddəti pozduqda isə vətəndaşları fiziki zorakılıq və öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində apardıqları axtarışlar zamanı maddi sübut kimi kompüter avadanlıqları və mobil telefonlar götürüblər. Məlum olub ki, təqsirləndirilən şəxslər həmin vasitələrlə bir-biri ilə və xaricdə olan qondarma „qanuni oğru“ ilə əlaqə saxlayıblar. Həmçinin axtarış zamanı odlu silahlar, pul və narkotik vasitələr aşkar edilərək götürülüb.

İş üzrə gizli audio və video yazılar da mövcuddur. Həmin görüntü və səsyazılarında qondarma „oğru dünyası“ ilə əlaqəli şəxslərin „Tseremla“, „Çermena“, „Pupsika“, „Svinço“, „Rıja“, „Qrialo“ və digər ləqəblərlə „oğru razılaşmalarında“ iştirak etdiyi görünür.

Gizli audioyazıda „Pupsika“ belə deyir: „Qısası, mənim ürəyim yoxdur, ruhum isə ‘oğru dünyasına’ məxsusdur.“

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tersiya, 223-cü kvart və 236-cı maddələri üzrə aparılır. Bu maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa, xüsusilə də qondarma „oğru dünyasına“ qarşı mübarizəni fəal şəkildə davam etdirir.

Nazirlik qanunla verilmiş səlahiyyətləri çərçivəsində qondarma „oğru dünyasının“ fəaliyyətində iştirak edən, ona dəstək verən və cinayət yolu ilə vətəndaşlara təzyiq göstərməyə və maliyyə mənfəəti əldə etməyə çalışan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri həyata keçirəcək.