Gürcüstanda casus şəbəkəsinə ağır zərbə: SUS daha bir agenti yaxaladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (SUS) ölkədə fəaliyyət göstərən xarici casus şəbəkələrinin tamamilə çökdürülməsi istiqamətində irimiqyaslı əməliyyatları davam etdirir. Xeber.ge yerli gürcü mediasına istinadən xəbər verir ki, bu gün keçirilən təcili brifinqdə SUS rəisinin müavini Laşa Mağradze casusluq ittihamı ilə daha bir Gürcüstan vətəndaşının həbs edildiyini bəyan edib.
Xatırladaq ki, bu, gün ərzində reallaşan ikinci böyük casus həbsidir. Bundan əvvəl SUS məşhur "Avrasiya İnstitutu"nun təsisçisi və rəhbəri Qulbaat Rtsxiladzenin iki xarici kəşfiyyata eyni vaxtda işlədiyi üçün saxlanıldığını elan etmişdi.
Laşa Mağradzenin verdiyi məlumata görə, Əks-kəşfiyyat Departamenti tərəfindən saxlanılan yeni şəxs öz ölkəsinin milli maraqlarına zidd olaraq, xarici kəşfiyyatın tapşırıqları əsasında sistemli şəkildə casusluq fəaliyyəti həyata keçirib.
Məlum olub ki, o, Gürcüstanın jurnalist, ekspert və digər peşəkar dairələrində (ziyalılar arasında) olan şəxsi əlaqələrindən və nüfuzundan istifadə edərək xarici xüsusi xidmət orqanları üçün maraq kəsb edən mühüm məlumatları toplayıb və ötürüb.
İstintaq materialları casusun xarici kuratorları ilə son dərəcə gizli iş sxemi qurduğunu ortaya qoyub:
Görüşlər və kəşfiyyat tapşırıqları ikitərəfli şifrəli rabitə vasitələri ilə planlaşdırılıb.
Canlı görüşlər fərqli lokasiyalarda, əvvəlcədən razılaşdırılmış qəti konspirasiya qaydalarına riayət olunmaqla baş tutub.
Toplanan kəşfiyyat məlumatları həm üz-üzə kontaktlar, həm də müxtəlif elektron şifrələmə metodları ilə xaricə ötürülüb.
SUS rəsmisinin bildirdiyinə görə, işin ən təhlükəli tərəfi odur ki, saxlanılan şəxs sadəcə fərdi casus deyil, həm də bir kəşfiyyat şəbəkəsinin rəhbəri olub.
O, yaratdığı onlayn platforma pərdəsi altında müxtəlif şəxslərdən ibarət bütöv bir casus şəbəkəsini idarə edib, onların fəaliyyətini koordinasiya edib və daxil olan məlumatları bir mərkəzdə toplayıb.
Bununla yanaşı, o, xarici spetsbazalardan qeyri-qanuni yollarla gələn maliyyə vəsaitlərini şəbəkə üzvləri arasında bölüşdürüb, onlara yeni tapşırıqlar verib və icra prosesinə şəxsən nəzarət edib .
Məlum olub ki, casusun ötürdüyü hesabatlar təkcə Gürcüstanı əhatə etməyib.
O, xarici dövlətin tapşırığı ilə vaxtaşırı olaraq qonşu dövlətlərə də səfərlər edib və oradakı gizli kəşfiyyat əlaqələri vasitəsilə məlumatlar toplayıb.
Ötürülən məlumat paketlərinə Gürcüstan və regionda cərəyan edən siyasi-iqtisadi proseslər, həmçinin Gürcüstanın güc strukturları və təhlükəsizlik orqanlarındakı daxili vəziyyət barədə strateji xarakterli məlumatlar daxil olub.
Hazırda faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi (Casusluq) ilə genişmiqyaslı istintaq aparılır.
Saxlanılan şəxsi 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, digər hüquq-mühafizə orqanları ilə sıx koordinasiyada bu xarici agentura şəbəkəsinin digər gizli üzvlərinin və köməkçilərinin də tapılıb zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirləri kəskinləşdiriləcək.