Avtomobil binanın divarına çırpıldı, 2 ölü, 1 ağır yaralı var
Sameqrelo bölgəsində ölümlə nəticələnən növbəti ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xeber.ge xəbər verir ki, Martvili bələdiyyəsində baş verən dəhşətli avtomobil qəzası iki nəfərin həyatına son qoyub.
Hadisə Martvili bələdiyyəsinin Gaçedili kəndi yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü qəfildən sükan idarəetməsini itirib.
Nəticədə yoldan çıxan nəqliyyat vasitəsi böyük sürətlə yol kənarındakı binalardan birinin divarına çırpılıb.
Dəhşətli zərbənin təsirindən avtomobildə olan 2 nəfər aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Maşında olan daha bir sərnişin isə bədənin çoxsaylı ağır xəsarətləri ilə təcili tibbi yardım maşını vasitəsilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Həkimlər yaralının vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.
Faciənin baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspert-kriminalistlər cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə rəsmi istintaq başladılıb. Qəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.