Gürcüstanda beynəlxalq kiber-əməliyyat: "AudiA6" şəbəkəsi çökdürüldü-VİDEO

Jun 11, 2026 - 22:13
Jun 11, 2026 - 22:13
 0  16

173 kolleksiya avtomobili, dəbdəbəli mülklər və külli miqdarda nağd pul – xarici ölkənin iki vətəndaşına məxsus milyonlarla dollar dəyərində daşınmaz əmlak və aktivlər həbs edilib.

Baş Prokurorluğun məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin üzvləri bu mülkləri qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması məqsədilə alıblar.

 Xeber.ge xəbər verir ki, transmilli cinayətkar qrupun Rusiya vətəndaşı olan iki üzvü Acarıstanda keçirilən xüsusi əməliyyatla qandallanıb.

 Onlar Gürcüstanda "AudiA6" təxəllüsü altında gizli fəaliyyət göstəriblər.

İstintaqla müəyyən edilib ki, "AudiA6" ləqəbli mütəşəkkil cinayətkar qrup 2022-ci ildən bəri internet məkanında kiberfırıldaqçıların və digər cinayətkarların qanunsuz yollarla əldə etdiyi kriptovalyutaların yuyulması ilə məşğul olub.

Dəstə üzvləri hüquq-mühafizə orqanlarından cinayət izlərini gizlətmək istəyən şəxslərdən bunun müqabilində silsilə olaraq böyük məbləğdə komissiya haqları alıblar.

Məlum olub ki, "AudiA6" üzvləri tərəfindən cəmi 3 il ərzində bir neçə yüz milyon ABŞ dolları dəyərində kriptovalyuta leqallaşdırılıb.

Bu irimiqyaslı transmilli cinayətin üstü Gürcüstan Prokurorluğu, Maliyyə və Daxili İşlər nazirlikləri ilə yanaşı,

ABŞ Məxfi Xidməti (US Secret Service) və Polşanın Kiberbirliklərlə Mübarizə Mərkəzinin birgə səyləri nəticəsində açılıb.

Ümumilikdə 3 ölkənin 6 xüsusi xidmət orqanı aylarla bu iş üzrə gizli araşdırma aparıb. Gürcüstanın onlarla müxtəlif nöqtəsində həyata keçirilən genişmiqyaslı istintaq tədbirlərinə 100-ə yaxın hüquq-mühafizə əməkdaşı cəlb olunub. Kibercinayətkarların zərərsizləşdirilməsi üçün gözlənilməz xüsusi əməliyyat iyunun 10-da Acarıstan bölgəsində reallaşdırılıb.