Saxta sərhəd ştampları və qanunsuz yaşayış icazəsi-VİDEO

Aug 17, 2026 - 13:49
 0  21

Gürcüstanda yaşayış icazəsi ilə bağlı ehtimal edilən qanunsuz sxemə kim havadarlıq edirdi?

XEBER.GE xeber  verir ki, Tbilisi Şəhər Məhkəməsində saxlanılan şəxslərin məhkəmə prosesi keçirilir.

Dövlət Təhlükəsizliyi Xidməti iddia edir ki, təqsirləndirilən şəxslər külli miqdarda pul müqabilində Gürcüstanda olan və ölkədə qanuni qalma müddəti bitən əcnəbilərə yaşayış icazəsi alacaqlarını vəd edirmişlər.

İş üzrə ümumilikdə 6 təqsirləndirilən şəxs var, bunlardan 5-i Gürcüstan vətəndaşıdır. İstintaqın versiyasına görə, sxem iştirakçıları əcnəbilərə sərhədi real olaraq keçmədən, "şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş, daxilolma və çıxış forması"na dövlət sərhədinin ikitərəfli keçilməsini təsdiqləyən ştamplar vurur və bu yolla müvafiq sənədləri hazırlayırmışlar.

Dövlət sərhədinin keçilməsini təsdiqləyən ştamplar ehtimal edilən cinayətkar sxemin iştirakçılarının əlinə necə keçib və onların müvafiq dövlət strukturlarında havadarları olubmu?

Saxlanılan şəxslərin vəkillərinin sözlərinə görə, təqsirləndirilən şəxslərin hansı növ ştamplardan istifadə etdiyini və bu işə sərhədçilərin cəlb olunub-olunmadığını müəyyən etmək üçün ekspertiza təyin edilib.

Cinayət sübuta yetiriləcəyi təqdirdə, təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.