Gürcüstana uçuşlar Rusiyanın daha bir şəhərindən başlayacaq
 
                                Rusiyanın “Azimut” aviaşirkəti sentyabrın 23-dən Krasnodar–Tbilisi–Krasnodar istiqamətində reyslərə başlayacaq. Bu barədə məlumat aviaşirkətin saytında yerləşdirilib.
Krasnodar hava limanı 2022-ci il fevralın 24-də, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra bağlanmışdı. “Rosaviatsiya” onun fəaliyyətinin bərpasını sentyabrın 11-də elan edib.
Tbilisidən başqa, “Azimut” İstanbul, Antalya, İrəvan və Dubay istiqamətində də reyslərin başlanacağı barədə açıqlama verib.
Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsi Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qərarı ilə 2023-cü il mayın 19-da bərpa edilib. Uçuşları rus şirkətləri “Azimut”, Red Wings və Georgian Airways həyata keçirirlər. Hazırda Rusiyanın 10 şəhərindən Tbilisi, Batumi və Kutaisiyə reyslər mövcuddur:
Moskva (Vnukovo və Jukovski)
Soçi
Mineralnıye Vodı
Ufa
Sankt-Peterburq
Nijni Novqorod
Kazan
Samara
Yekaterinburq
Novosibirsk
2022-ci il fevralın 24-də hava limanları Ukrayna ilə sərhəddə yerləşən bir sıra Rusiya bölgələrində, ilhaq olunmuş Krımda və Rusiyanın cənub hissəsində, o cümlədən Krasnodarda bağlanmışdı (amma Soçi hava limanı fəaliyyətini dayandırmamışdı). Məhdudiyyətlər əvvəlcə qısa müddətə tətbiq edilmiş, dəfələrlə uzadılmış və sonda qeyri-müəyyən müddətə çevrilmişdi.
2024-cü ilin mayında Elista, 2025-ci ilin iyulunda isə Qelencik hava limanları fəaliyyətə başlamışdı. Bununla yanaşı, Krasnodar vilayəti müntəzəm olaraq Ukrayna dronlarının hücumuna məruz qalır. Dronlar həmçinin Ukraynadan daha uzaqda yerləşən Rusiya bölgələrinə də zərbələr endirirlər. Son aylarda dron hücumları təhlükəsi səbəbindən Moskva, Sankt-Peterburq və digər şəhərlərin hava limanlarının işi vaxtaşırı pozulur, bu isə reyslərin qrafikində gecikmələrə gətirib çıxarır. Lakin mülki hava limanlarına birbaşa zərbə endirilməsi barədə məlumat yayılmayıb.
Rostov və Simferopol hava limanlarının fəaliyyəti dayandırılmayıb.
Gürcüstanda yalnız Avropa İttifaqının sanksiyaları altında olmayan aviaşirkətlər uçuşlar həyata keçirirlər.
Hava əlaqəsinin bərpasından sonra Vaşinqton bəyan edib ki, Gürcüstan hava limanlarında rus aviaşirkətlərinə xidmət göstərən gürcü şirkətlərinə qarşı sanksiyalar tətbiq oluna bilər, lakin bu məhdudiyyət hələ qüvvəyə minməyib.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            