Qida Təhlükəsizliyi Agentliyinin baytarı rüşvət almaq ittihamı ilə saxlanılıb
 
                                Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Qərbi Gürcüstan Regional Prokurorluğu ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qida Təhlükəsizliyi Milli Agentliyinin baytarı L.K.-nı rüşvət almaq ittihamı ilə saxlayıblar.
İstintaq xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, L.K. agentlikdə baytar vəzifəsində çalışırdı və heyvanların qeydiyyatı və identifikasiyası üçün nəzərdə tutulan xüsusi qulaq nişanlarının paylanmasını təmin edirdi. Araşdırma nəticəsində məlum olub ki, o, şəxsi maddi mənfəət əldə etmək məqsədilə bir vətəndaşdan dövlət prosedurlarını pozaraq qeydiyyatsız mal-qaranın identifikasiyası üçün ümumilikdə 650 lari məbləğində rüşvət tələb edib və alıb. Əməliyyat zamanı rüşvətin bir hissəsi maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci bəndi ilə aparılır. Sözügedən maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti bildirir ki, gələcəkdə də maliyyə-iqtisadi sahədə baş verən cinayətlərlə mübarizə istiqamətində sərt cinayət siyasəti davam etdiriləcək.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            