Tbilisi Hava Limanında 19 kiloqramdan çox narkotik ələ keçirilib
 
                                Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti birgə əməliyyat keçirib. Nəticədə, 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.S. narkotik cinayətinə görə saxlanılıb.
Rəsmi məlumata görə, saxlanılan şəxsə qarşı xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin eyni miqdarda narkotikin Gürcüstana qanunsuz gətirilməsi ittihamı irəli sürülüb.
Tbilisi Beynəlxalq Hava Limanında keçirilən yoxlama zamanı onun baqajından 34 bağlamada qablaşdırılmış, ümumilikdə 19 kiloqram 400 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə aparılır. Sözügedən ittihamlar 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            