Gürcüstan DİN-dən genişmiqyaslı əməliyyat: Marneulidə 11 nəfər saxlanılıb-VİDEO
Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayonunda baş vermiş kütləvi dava və ağır yaralanma faktı ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində 11 nəfər saxlanılıb, daha bir nəfər barəsində isə qiyabi ittiham irəli sürülərək axtarış elan edilib.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, Marneuli şəhərində bir qrup şəxs arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Dava zamanı ictimai asayiş kobud şəkildə pozulub. Qarşıdurma zamanı tərəflərdən biri soyuq silahdan (bıçaqdan) istifadə edərək 1994-cü il təvəllüdlü B.A.-ya ağır xəsarət yetirib.
Polisin apardığı araşdırmalar zamanı hadisənin daha bir neçə qanunsuz tərəfi üzə çıxıb:
- Saxlanılan 11 nəfərdən 7-si hadisənin bilavasitə şahidi olsa da, istintaqla əməkdaşlıqdan imtina edib.
- Həmin şəxslər sorğu zamanı hüquq-mühafizə orqanlarına qəsdən yalan məlumat verərək istintaqı çaşdırmağa çalışıblar.
DİN-in məlumatına görə, cinayətin əsas iştirakçısı olan və zərərçəkmişə ağır xəsarət yetirən şəxs hazırda gizləndiyi üçün ona qarşı qiyabi ittiham irəli sürülüb və barəsində rəsmi axtarış elan edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (Sağlamlığa qəsdən ağır zərər vurma), 239-cu (Xuliqanlıq) və 370-ci (Yalan ifadə vermə) maddələri ilə cinayət işi davam etdirilir. Təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.