Tbilisidə mağaza şəbəkələrini qarət edən yeniyetmə saxlanılıb-VİDEO

Apr 21, 2026 - 10:38
Apr 21, 2026 - 11:01
 0  28
Tbilisidə mağaza şəbəkələrini qarət edən yeniyetmə saxlanılıb-VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyi   paytaxtın müxtəlif nöqtələrində törədilmiş soyğunçuluq faktlarının üstünü açıb. Mağazalardan külli miqdarda pul vəsaiti ələ keçirən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Xeber.ge xəbər verir ki, əməliyyat Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

  İstintaqla müəyyən edilib ki, 2009-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.S. əlbir olduğu şəxslə birlikdə paytaxtda fəaliyyət göstərən müxtəlif mağaza şəbəkələrinə qabaqcadan razılaşdırılmış plan üzrə daxil olub. Onlar zor tətbiq etməklə kassalardan təxminən 6000 lari (təqribən 2250 dollar) məbləğində pulu qarət edərək hadisə yerindən qaçıblar.

  Hüquq-mühafizə orqanları cinayət baş verən obyektlərin müşahidə kameralarının görüntülərini maddi sübut kimi götürüblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yaşlı N.S. şübhəli şəxs qismində yaxalanıb. Hazırda cinayətdə iştirak edən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində işlər davam etdirilir.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi (Soyğunçuluq) ilə cinayət işi başlanılıb. Qanunvericiliyə əsasən, bu əməl 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.