Dünyanın ən xoşbəxt ölkəsi seçildi: İlk “5-lik”

Dünyanın ən xoşbəxt ölkəsinin adı məlum olub.
Xeber.ge xəbər verir ki, siyahıda Finlandiya artıq səkkizinci ildir ki, ən xoşbəxt ölkə seçilir.
Bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında öz əksini tapıb.
2024-cü ilin yekunlarına görə, dünyanın ən xoşbəxt ölkələrinin siyahısında ilk "5-lik"də Finlandiya, Danimarka, İslandiya, İsveç və Niderland yer alıb.
Siyahıda Kosta-Rika 6-cı, Norveç 7-ci, İsrail 8-ci, Lüksemburq 9-cu, Meksiya 10-cudur.
İsveçrə 13-cü, Kanada 18-ci yeri tutur.
Rusiya 2023-cü ildəki hesabatdakından 6 pillə irəliləyərək 66-cı yerə qalxıb.
ABŞ 24-cü, Ukrayna 111-ci yerdədi.
Əfqanıstan 147 ölkə arasında sonuncu yerdə qərarlaşıb.
Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Onun hazırlanmasında Gallup sorğu xidməti və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir.
Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.
Reytinqin dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.
mənbə: modern.az