Çində “Gürcü Arzusu”nun nümayəndə heyətlərini qəbul edən yüksək vəzifəli diplomat həbs olunub

Aug 13, 2025 - 10:24
 0  54
Çində “Gürcü Arzusu”nun nümayəndə heyətlərini qəbul edən yüksək vəzifəli diplomat həbs olunub

Çin Xalq Respublikasının yüksək rütbəli diplomatı, Qərb mediasında gələcək xarici işlər naziri kimi təqdim edilən Liu Cinçao həbs olunub.

Liu Cinçao Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsini icra edirdi.

Məhz o, 2024 və 2025-ci illərdə “Gürcü Arzusu”nun nümayəndə heyətlərinin Çinə son iki səfərinə ev sahibliyi etmişdi.

Həbs xəbərləri
Rəsmi mənbələrdə onun guya həbs olunması və ya barəsində ittiham irəli sürülməsi ilə bağlı açıqlama verilməyib.

Liu Cinçaonun mümkün həbsi barədə ilk məlumatı mənbələrə istinadən ABŞ-ın Wall Street Journal nəşri yayıb. Daha sonra bu xəbəri Reuters də daxil olmaqla digər beynəlxalq media orqanları işıqlandırıb.

Məlumata görə, Liu 2025-ci ilin iyul ayının sonunda xarici səfərdən Pekinə qayıtdıqdan dərhal sonra saxlanılıb. Bloomberg yazır ki, onun evi də axtarılıb.

Mənbələrin bildirdiyinə görə, həbsin məqsədi “istintaq üçün dindirilmə”dir. Lakin saxlanılmasından iki həftədən artıq vaxt keçməsinə baxmayaraq, diplomat barədə konkret ittiham və ya digər rəsmi məlumat açıqlanmayıb.

2023-cü ildən Liu Cinçaonun intensiv iş qrafiki, xüsusilə də Vaşinqtonda ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenlə görüşləri beynəlxalq mediada onun xarici işlər naziri postuna hazırlandığı barədə ehtimalları gücləndirmişdi.

Çində bu, 2023-cü ildə xarici işlər naziri Tsin Qanın müəmmalı şəkildə yoxa çıxmasından sonra yüksək vəzifəli şəxsin həbsi ilə bağlı ən səs-küylü hadisədir.

Tsin Qanın yoxa çıxmasından bir ay sonra Çin hökuməti onun vəzifədən azad edildiyini açıqlamışdı. Mediaya sızan, lakin təsdiqlənməmiş məlumatlara görə, prezident Si Cinpin nazir postuna Cinçaonu nəzərdən keçirirdi, lakin sonda vəzifəyə Vanq Yi gətirildi.

61 yaşlı diplomat Çin Kommunist Partiyasında xarici ölkələrin siyasi partiyaları ilə əlaqələrə cavabdeh idi.

O, 2022-ci ildən bu vəzifədə çalışır, bu müddətdə 20-dən çox ölkəyə səfər edib və 160-dan artıq ölkənin nümayəndələrini, o cümlədən Gürcüstandan gələnləri qəbul edib.

Liu Cinçao ingilis dilini Pekindəki universitetlərdən birində öyrənib, daha sonra Oksford Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.
Böyük Britaniyadan qayıtdıqdan sonra Çin Xarici İşlər Nazirliyində tərcüməçi kimi fəaliyyətə başlayıb.
Karyerasında irəliləyərək Böyük Britaniya, İndoneziya və Filippində səfir vəzifələrində çalışıb.

2015-ci ildə o, gözlənilmədən diplomatik xidmətdən korrupsiyaya qarşı mübarizə aparan dövlət qurumuna keçirilib. Mediada yazılır ki, o, “korrupsiyaya bulaşmış yüksək vəzifəli məmurların axtarışına” rəhbərlik edirdi.

Məhz onun rəhbərliyi ilə Çini tərk edərək korrupsiya ittihamı ilə axtarışa verilmiş yüzlərlə məmurun ölkəyə qaytarılması əməliyyatı həyata keçirilib.

2018-ci ildə diplomatik xidmətə qayıdıb, 2022-ci ildən isə Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinə rəhbərlik edir.

“Gürcü Arzusu”nun səfərlərinə ev sahibliyi

Gürcüstan və Çin arasında “strateji tərəfdaşlıq” münasibətlərinin elan edilməsindən sonra “Gürcü Arzusu”nun parlament nümayəndə heyəti iki dəfə Pekində olub. Hər iki səfərdə heyəti Liu Cinçao qəbul edib.

2024-cü il 14–20 yanvar tarixlərində Çində səfərdə olan “Gürcü Arzusu”nun parlament nümayəndə heyətinə o vaxt hələ partiya sədri olan İrakli Kobaxidze rəhbərlik edirdi. Çin səfərindən qayıtdıqdan sonra, 1 fevralda o, baş nazirliyə namizəd göstərildi və 8 fevralda vəzifəyə təsdiqləndi.

Heyətdə Kobaxidze ilə yanaşı Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və parlament sədrinin müavini İrakli Çiqovani də yer almışdı.

“Gürcü Arzusu”nun nümayəndə heyəti 2025-ci ilin iyul ayının sonunda da Pekində olub.
Bu dəfə heyətə parlamentin vitse-spikeri Giya Volski rəhbərlik edib. Onunla birlikdə “Gürcü Arzusu”nun üzvləri – Nikoloz Samxaradze, Mariam Laşi, Şota Berekaşvili və Gela Samxarauli səfərdə iştirak ediblər.

Sonuncu səfərə ABŞ Konqresinin üzvü Co Uilson da münasibət bildirib:
“Anti-Amerika mövqeyində olan ‘Gürcü Arzusu’ kommunist Çinə yenidən hörmət göstərir və onu ‘nümunəvi supergüc’ adlandırır,” – deyə o, X sosial şəbəkəsində yazıb.

O, əlavə edib: “‘MEGOBARI’ Aktı Orta Dəhlizdə ticarətin və həyati əhəmiyyətli minerallara çıxışın qorunması, eləcə də gürcülərin böyük zəhmətlə qazandıqları azadlığın müdafiəsi üçün vacibdir.”

mənbə: marneulifm