Gürcüstanda 8 kiloqramdan çox narkotik vasitə müsadirə edilib, bir nəfər saxlanılıb

Nov 18, 2026 - 14:31
 0  10
Gürcüstanda 8 kiloqramdan çox narkotik vasitə müsadirə edilib, bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi genişmiqyaslı narkotik cinayətinin üstünün açıldığını açıqlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələrin satışına yardım etməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, nazirliyin məlumatına görə, istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin adına göndərilmiş bağlamadan 5 kiloqramdan çox mefedron və 3 kiloqrama yaxın alfa-PVP götürülüb.

Axtarış zamanı narkotik vasitələrin qablaşdırılması üçün materiallar, iki ov tüfəngi və döyüş sursatları da aşkarlanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı, 260-cı kvart və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.