Tbilisidə eyvana tent quraşdırmaq adı ilə 24 min lariyə yaxın pul mənimsəyən şəxs saxlanılıb

Nov 18, 2026 - 12:51
 0  17
Tbilisidə eyvana tent quraşdırmaq adı ilə 24 min lariyə yaxın pul mənimsəyən şəxs saxlanılıb

Tbilisi Prokurorluğu külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfərə ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, istintaqın məlumatına görə, MMC-nin direktoru zərərçəkənə eyvanına tentlərin dəyişdirilməsi və quraşdırılması xidmətini təklif edib. O, işlərin Türkiyədən gətiriləcək ustanın iştirakı ilə görüləcəyini vəd edib.

Tərəflər 2025-ci il sentyabrın 3-də elektron qaydada xidmət müqaviləsi bağlayıblar. Müqavilənin ümumi dəyəri 12 700 ABŞ dolları təşkil edib.

Bundan sonra təqsirləndirilən şəxs zərərçəkəndən avans olaraq müqavilə məbləğinin 70 faizini — 23 945,22 larini şirkətin hesabına köçürməsini istəyib. Lakin pulu mənimsəyərək müqavilədə nəzərdə tutulan xidmətləri göstərməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini məhkəmə qərarı əsasında saxlayıblar.

Ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.