“Kriptovalyuta işi” üzrə Giorgi Baciaşvili Apellyasiya Məhkəməsində də təqsirli bilinib

Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası “Taninvestisiya Fondu”nun keçmiş rəhbəri Giorgi Baciaşvilinin apellyasiya şikayətinə baxaraq, Tbilisi Şəhər Məhkəməsinin çıxardığı ittihamedici hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Bununla, 12 avqust tarixində işin apellyasiya mərhələsi başa çatıb. Qərar hakimlər Paata Silagadze, Davit Mamiseişvili və Giorgi Kuratışvilidən ibarət kollegiya tərəfindən qəbul edilib.
Baciaşvili işi
Giorgi Baciaşvili barəsində cinayət işi 2023-cü ildə Bidzina İvanişvilinin bəyanatı əsasında başlanıb. İttihama görə, prokurorluq onu 39 215 820 ABŞ dolları məbləğində kriptovalyutanı mənimsəməkdə ittiham edirdi. 2023-cü il 6 iyulda Tbilisi Şəhər Məhkəməsi ona qətimkan tədbiri kimi 2,5 milyon lari girov təyin etmişdi.
2025-ci il 10 martda Tbilisi Şəhər Məhkəməsi Bidzina İvanişvilinin keçmiş “şəxsi maliyyəçisini” — Giorgi Baciaşvilini “kriptovalyuta işi” üzrə qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum etdi. Hökm elan olunmazdan bir neçə gün əvvəl — 2 martda məlum olmuşdu ki, Baciaşvili ölkədən qaçıb. Prokurorluğun versiyasına görə, o, bu məqsədlə bir neçə ay əvvəlcədən hazırlıq görüb.
Martın 10-da İvanişvilinin keçmiş müttəfiqi böyük məbləğdə vəsaiti mənimsəməkdə və qanunsuz əldə edilmiş gəlirləri leqallaşdırmaqda — yəni pul yuyulmasında təqsirli bilinib.
Ona qarşı daha iki ittiham irəli sürülüb:
Sərhədi qanunsuz keçmək — 2 martda Gürcüstan-Ermənistan sərhədini icazəsiz, gizli şəkildə keçib; bundan sonra onun girov qətimkan tədbiri həbs ilə əvəz edilib.
“Mtkvari HES” işi — bu epizod əvvəlcədən “kriptovalyuta işi”nə daxil olsa da, rəsmi ittiham yalnız 2025-ci il 25 fevralda irəli sürülüb. İttihama görə, Giorgi Baciaşvili Bidzina İvanişvilinin “Taninvestisiya Fondu”nun baş direktoru vəzifəsində olarkən “xidmət vəzifələrini yerinə yetirməməkdə” ittiham olunur.
İttihamedici hökmdən iki ay sonra — 1 mayda Tbilisi Şəhər Məhkəməsinin hakimi Zaal Maruaşvilinin qərarı ilə Giorgi Baciaşviliyə Gürcüstanın sabiq baş naziri, iş adamı Bidzina İvanişviliyə təxminən 9 min bitkoin ödəmək öhdəliyi qoyulub.
Hazırda Giorgi Baciaşvili Gürcüstan həbsxanasındadır. Ölkəni tərk etməsinə baxmayaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi versiyasına görə, hüquq-mühafizə orqanları 26 mayda “anonim məlumat”
əsasında onun “Qırmızı Körpü” və “Sadakhlo” arasında yerləşən “yaşıl sərhəd”in yaxınlığında hərəkət etdiyini müəyyən edib və saxlayıblar.
Baciaşvilinin dedikləri isə DTX-nın versiyasından fərqlənir:
“Şənbə günü, 24 mayda məni xaricdən oğurladılar, gözlərimi bağladılar, iki gün ərzində bağlı gözlə saxladılar, vəkilim, prokuror və ailə üzvlərimlə danışmağa imkan vermədilər. Daha sonra məni zorla ‘Airzena’nın Bombardier tipli təyyarəsinə mindirdilər. Heç bir izahat vermədən, bütün qanunları pozaraq, məni Gürcüstana gətirdilər.”
mənbə: marneulifm