Tsalkadakı uşaq bağçasında azyaşlılara qarşı zorakılıq iddiası ilə istintaq başladılıb
Tsalka bələdiyyəsinin Sakdrioni kənd uşaq bağçasında tərbiyəalananlara qarşı mümkün zorakılıq faktı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa başlayıb. Faktı nazirlikdən təsdiqləyiblər.
XEBER.GE xeber verir ki, qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-prima hissəsi (yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq) ilə araşdırma aparılır.
Bağçada uşaqlara qarşı zorakılıq iddiaları ilə bağlı məlumatı ilk olaraq yerli "TOK TV" media qurumu yayıb. Bildirilir ki, polisə valideynlərdən biri müraciət edib. İddialara əsasən, bağçada uşaqlara fiziki zorakılıq tətbiq olunub, yuxu vaxtı üzlərinə yastıq örtülüb, küncdə saxlanılıblar və onların oynamasına icazə verilməyib.
Valideynlərin sözlərinə görə, onlar baş verənlər barədə Bağçalar Birliyinə də məlumat veriblər, lakin məsələyə lazımi reaksiya göstərilməyib. Hazırda valideynlər uşaq bağçasında müşahidə kameralarının quraşdırılmasını tələb edirlər.
Mediada yayılan məlumatlara əsasən, Sakdrioni kənd uşaq bağçasının tərbiyəçi-meneceri Jujuna Beridze bütün ittihamları rədd edərək onları böhtan adlandırıb.