Böyük Britaniyanın sanksiyaları: "Imedi" və "PosTV" qərb proqramlarının lisenziyalarını itirəcək

Feb 27, 2026 - 19:57
 0  12
Böyük Britaniyanın sanksiyaları: "Imedi" və "PosTV" qərb proqramlarının lisenziyalarını itirəcək

"Beynəlxalq Şəffaflıq – Gürcüstan" təşkilatının nümayəndəsi Sandro Kevxişvilinin qiymətləndirməsinə görə, Böyük Britaniya tərəfindən sanksiya siyahısına salınan "Imedi" və "PosTV" telekanalları əsasən Qərbdən əldə etdikləri əyləncəli proqramların lisenziyalarını itirəcəklər.

Xeber.ge xeber  verir ki, ekspert sanksiyaların həm kanalların fəaliyyətinə, həm də əməkdaşların bank xidmətlərinə çıxışına ciddi zərbə vuracağını bildirib.

S. Kevxişvilinin sözlərinə görə, telekanalların Gürcüstan banklarındakı bütün növ xidmətləri dayandırılacaq: "Onlar artıq bank vasitəsilə əmək fəaliyyəti üzrə maaşları ödəyə bilməyəcəklər. Heç bir bank tranzaksiyası həyata keçirilə bilməyəcək, yəni reklam gəlirləri almayacaq, yeni texnika ala bilməyəcək, əmlakı icarəyə verə və ya sata bilməyəcək, həmçinin banklardan kredit götürə bilməyəcəklər".

Ekspert qeyd edib ki, əgər telekanallar əməkhaqqını "nağd" şəkildə ödəmək üçün yol tapsalar belə, bu, işçilər üçün ciddi problemlər yaradacaq: "Əməkdaşlar banka nağd pul gətirdikdə, bank onlardan vəsaitin mənbəyini soruşacaq. Gəlirin "Imedi" və ya "PosTV"dən gəldiyi müəyyən edildikdə, həmin şəxslərə minimum kredit verilməsindən imtina olunacaq, hətta ümumiyyətlə bank xidmətləri qadağan edilə bilər".

Qeyd edək ki, Böyük Britaniyanın sanksiyaları fonunda "Imedi" telekanalı öz daxili bankını yaratmaq qərarına gəlib.