Batumidə kütləvi dava: Üç nəfəri bıçaqlayan şəxs saxlanılıb

Feb 24, 2026 - 12:16
 0  8
Batumidə kütləvi dava: Üç nəfəri bıçaqlayan şəxs saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları Batumi şəhərində qanlı cinayətin törədilməsində şübhəli bilinən şəxsi yaxalayıblar.

Xeber.ge xəbər verir ki, 1993-cü il təvəllüdlü L.Ş. iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında əvvəllər yaranmış münaqişə zəminində üç nəfərə - 1969-cu il təvəllüdlü Ş.B., 1992-ci il təvəllüdlü C.B. və 1985-ci il təvəllüdlü M.Q.-ya bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində L.Ş. hadisədən qısa müddət sonra Batumi ərazisində qandallanıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Bu maddə 9 ildən 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.