Kulevi limanı ilə bağlı Gürcüstan hakimiyyətindən ətraflı məlumat almışıq
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski Kulevi limanı ilə bağlı səsləndirilən narahatlıqlara münasibət bildirib.
Səfir qeyd edib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətindən müzakirə mövzusu olan infrastruktur barədə ətraflı məlumat alıb və həmin obyektin sanksiyalardan yayınmaq məqsədilə istifadə olunmayacağına əmindir.
Onun sözlərinə görə, təqdim edilən məlumat və dəlillərin konkret olaraq Kulevi limanına qarşı sanksiyaların tətbiq olunmaması üçün kifayət edib-etməyəcəyini indiki mərhələdə demək mümkün deyil.
Diplomat, həmçinin təsdiqləyib ki, Avropa İttifaqının iyirminci sanksiya paketi ilə bağlı müzakirələr davam edir və hələlik üzv dövlətlər arasında yekdillik əldə olunmayıb. O bildirib ki, qərarın yaxın vaxtlarda razılaşdırılacağına ümid edir.
Səfir əlavə edib ki, Avropa İttifaqı Gürcüstanın beynəlxalq sanksiyalara riayət etməsini diqqətlə izləməyə davam edəcək.
Daha əvvəl "Reuters"də məlumat yayılıb ki, Avropa İttifaqı 42 tankeri qara siyahıya daxil etməyi və ilk dəfə olaraq üçüncü ölkələr – İndoneziya və Gürcüstanın limanlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Buraya Qərbi Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi terminalı da daxildir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, ölkə Avropa Komissiyasına Kulevi limanı ilə bağlı tam məlumat təqdim edib və əldə olunan məlumatlar sanksiya rejiminin pozulmadığını göstərir.
mənbə: report