ABŞ 50 ölkə üçün viza depozitini ləğv etdi: Azərbaycan və Gürcüstan siyahıda yoxdur
Amerika Birləşmiş Ştatları bu il ölkədə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edən 50 ölkənin azarkeşləri üçün 15 000 dollaradək olan məcburi viza depoziti (maliyyə zəmanəti) tələbini ləğv edib.
Xeber.ge xeber verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Daha əvvəl Dövlət Departamentinin rusdilli resurslarında bu güzəştin şamil olunduğu ölkələr arasında Gürcüstanın da adı çəkilsə də, ABŞ-ın Tbilisidəki səfirliyi mayın 15-də "Azadlıq Radiosu"na (Radio Liberty) verdiyi açıqlamada xəbəri təkzib edib.
Səfirlik rəsmi səhifədəki məlumatın artıq yeniləndiyini və Gürcüstanın bu siyahıda yer almadığını təsdiqləyib.
Güzəşt tətbiq edilən 50 ölkənin siyahısına Gürcüstanla yanaşı onun qonşularından heç biri -Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə daxil edilməyib.
Eyni zamanda Ukrayna da siyahıdan kənarda qalıb.
2026-cı il aprelin 2-dən qüvvəyə minən qaydalara əsasən, Gürcüstan və digər bəzi ölkələrin vətəndaşları ABŞ-a səfər etmək üçün B1/B2 kateqoriyalı viza alarkən risk dərəcəsindən asılı olaraq 5 000, 10 000 və ya 15 000 ABŞ dolları məbləğində məcburi maliyyə zəmanəti (bond) ödəməlidirlər.
Bu vəsait vətəndaş viza qaydalarını pozmadan ölkəsinə geri döndükdən sonra ona qaytarılır. Gürcüstan və region ölkələrinin azarkeşləri dünya çempionatı zamanı da bu qaydaya tabe olacaqlar.
Xatırladaq ki, futbol üzrə Dünya Çempionatı (DÇ-2026) bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.