2 yaşlı uşağa qarşı zorakılıq skandalı: Bağça rəhbərliyindən təcili bəyanat

May 25, 2026 - 22:25
 0  18
2 yaşlı uşağa qarşı zorakılıq skandalı: Bağça rəhbərliyindən təcili bəyanat

Gürcüstanda fəaliyyət göstərən nüfuzlu təhsil müəssisələrindən birində azyaşlıya qarşı zorakılıq edilməsi barədə yayılan xəbərlər ölkədə geniş rezonans doğurub.

 Xeber.ge xəbər verir ki, hadisə ilə bağlı adından söz açılan "ABC" Britaniya-Gürcüstan uşaq bağçasının administrasiyası rəsmi bəyanat yayıb.

Sözügedən bəyanatda 2 yaşlı uşağa qarşı törədilən sarsıdıcı əmələ görə müvafiq işçinin dərhal cəzalandırıldığı və məsələnin hüquq-mühafizə orqanlarına ötürüldüyü bildirilir.

Uşaq bağçasının yaydığı rəsmi açıqlamada daxili araşdırmanın aparıldığı və qəti addımların atıldığı vurğulanır:

"Təşkilatdaxili araşdırmalar çərçivəsində bağça rəhbərliyi əməkdaşımızın uşağa qarşı cinayət xarakterli hərəkətə yol verdiyinə dair şübhələrin əsaslı olduğuna əmin olub.

 Bu fakt bağçamızın dəyərlərinə və iş standartlarına tamamilə ziddir. Administrasiya dərhal reaksiya göstərərək həmin əməkdaşı tutduğu vəzifədən azad edib.

Bağçanın öz təşəbbüsü ilə hadisəyə dair bütün materiallar və video-sübutlar istintaq orqanlarına təhvil verilib".

Müəssisə rəhbərliyi bəzi media və sosial şəbəkələrdə bağçanın hadisəni gizlətməyə çalışması barədə yayılan iddiaları qətiyyətlə rədd edib:

"Tam məsuliyyətlə bildiririk ki, valideyndən ilk məlumatı alan kimi uşağın maraqlarını ön plana çəkərək dərhal hərəkətə keçdik. Bağçanın bu hadisəyə göz yumduğuna dair yayılan şayiələr tamamilə reallıqdan uzaqdır.

Yarandığı gündən bəri bağçamızda belə bir hadisə heç vaxt qeydə alınmayıb. Baş verənlərin cəmiyyətdə, valideynlərimizdə və bizdə yaratdığı dərin narahatlığı yaxşı anlayır, təəssüf edirik. Bağçada zorakılığın istənilən forması kətiyyətlə qəbulolunmazdır".

Uşaq bağçasının administrasiyası uşaqların təhlükəsizliyinin onların ən ali prioriteti olduğunu və hazırda istintaq qrupu ilə aktiv əməkdaşlıq etdiklərini bildirib.

Faktla bağlı polis tərəfindən araşdırmalar davam etdirilir.