Vəkil məhkumun bacısından 10 000 lari alarkən dələduzluq ittihamı ilə saxlanıldı

Oct 28, 2026 - 13:02
 0  8
Vəkil məhkumun bacısından 10 000 lari alarkən dələduzluq ittihamı ilə saxlanıldı

Dələduzluq ittihamı ilə vəkil saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquqşünas məhkumun bacısından 10 000 lari tələb edərək, pul müqabilində DİN əməkdaşlarının onun qardaşı ilə bağlı prosessual razılaşma əldə edəcəyini vəd edib.

XEBER.GE xeber  verir ki, iş materiallarına əsasən, vəkil daha sonra qadından əlavə 100 000 lari istəyib. O, bu məbləğin 40 000 larisinin prokurorluğa veriləcəyini və bunun müqabilində daha əlverişli şərtlərlə prosessual razılaşma əldə olunacağını, qalan 60 000 larisinin isə dövlət büdcəsinə köçürüləcəyini bildirib.

İstintaq tədbirləri, o cümlədən gizli istintaq hərəkətləri nəticəsində vəkilin qadını aldatdığı müəyyən edilib. Məhkumun ailə üzvü məsələni həll etmək üçün vəkilə 10 000 lari verib.

Hüquq-mühafizə orqanları vəkili təqsirləndirilən şəxs qismində saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.