Tiflis Beynəlxalq Hava Limanı genişləndirilir

Jul 13, 2026 - 12:01
 0  14
Tiflis Beynəlxalq Hava Limanı genişləndirilir
: :
playing

Tiflis və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” paytaxt hava limanının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı investisiya layihəsinə rəsmən start verildiyini elan edib.

XEBER.GE xəbər verir ki, layihə çərçivəsində “TAV Georgia” tərəfindən 150 milyon ABŞ dolları məbləğində investisiya qoyulacaq. Nəticədə Tiflis Beynəlxalq Hava Limanının illik sərnişin ötürücülük qabiliyyəti ikiqat artaraq 5 milyondan 10 milyon sərnişinə çatdırılacaq.

Fransanın aviasiya nəhəngi "Groupe ADP"-nin üzvü olan "TAV Airports"un Gürcüstandakı törəmə şirkəti tərəfindən icra edilən layihə 2026-2028-ci illəri əhatə edəcək.

 Ölkənin baş hava limanının genişləndirilməsi son illərdə sərnişin axınının dinamik artımı ilə bağlıdır. Belə ki, 2025-ci ildə hava limanı rekord sayda – 5,4 milyondan çox sərnişinə xidmət göstərib və bununla da mövcud infrastrukturun layihə gücü tamamilə tükənib. Yeni investisiya artan tələbi qarşılamaq və xidmət keyfiyyətini beynəlxalq standartlarda saxlamaq məqsədi daşıyır.

 Terminal və aerodrom infrastrukturunun genişləndirilməsi, həmçinin texnoloji sistemlərin modernləşdirilməsini nəzərdə tutan planın əsas bəndləri:

  • Təyyarə körpüləri (teleskopik traplar): Sayı ikiqat artırılaraq 10-a çatdırılacaq.
  • Yeni dayanacaqlar: Təyyarələr üçün 7 yeni uzaq mənzilli dayanacaq sahəsi yaradılacaq.
  • Qeydiyyat (Check-in): Terminala 9 yeni qeydiyyat masası əlavə olunacaq.
  • Pasport nəzarəti: Zona genişləndiriləcək və keçid məntəqələrinin sayı 24-ə çatdırılacaq.
  • Baqaj sahəsi: 2 yeni baqaj lenti quraşdırılacaq.
  • Komfort və iaşə: Sərnişin sahələri yenilənəcək, gürcü mətbəxi və yerli məhsulların təbliğinə üstünlük verilən yeni ticarət, iaşə və biznes-lounj (Business Lounge) zonaları yaradılacaq.
  • Avtopark: Terminal ətrafındakı avtomobil dayanacağının tutumu artırılacaq.

Bu layihə Gürcüstanın İqtisadiyyat və Davatlı İnkişaf Nazirliyinin "Gürcüstan Hava Limanları Birliyi" (UAG) ilə "TAV Georgia" arasında 15 yanvar 2025-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilir. Müqaviləyə əsasən:

  • "TAV Georgia"nın Tiflis Hava Limanındakı konsessiya (idarəetmə) müddəti 2032-ci ilə qədər uzadılıb.
  • "Gürcüstan Hava Limanları Birliyi" artıq 25 milyon ABŞ dolları məbləğində birdəfəlik avans ödənişi (Upfront Fee) qəbul edib.
  • Layihə başa çatdıqdan sonra dövlətin Tiflis Hava Limanından əldə etdiyi illik gəlir təxminən 3 dəfə artacaq.
  • Şirkət yeni beynəlxalq aviaşirkətlərin cəlb edilməsi və yeni uçuş istiqamətlərinin açılması üçün aviaşirkətlərin marketinq dəstəyi proqramını maliyyələşdirəcək.

Qeyd edək ki, "TAV Georgia" 2005-ci ildən bəri Gürcüstanda fəaliyyət göstərir və indiyədək ölkə aviasiyasına 250 milyon dollar investisiya qoyub. Bu yeni 150 milyonluq layihə Gürcüstanın turizm, logistika və tranzit potensialını uzunmüddətli dövrdə əhəmiyyətli dərəcədə gücləndirəcək.