Tbilisidə qəhrəman sürücü: Sərnişinləri vaxtında düşürdü...
Tbilisidə, Eristavi küçəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birində dəhşətli qəza və yanğın hadisəsi baş verib.
Tbilisi bələdiyyəsinə məxsus 504 nömrəli xətt mikroavtobusu idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinə (YDM) çırpılıb. Şahidlərin "TV Pirveli"yə verdiyi məlumata görə, toqquşmadan dərhal sonra marşrut taksisi alovlanıb və tamamilə külə dönüb.
XEBER.GE xəbər verir ki, hadisənin təfərrüatları barədə tükürpədici məlumatlar üzə çıxıb:
Məlumata görə, marşrutun sürücüsü nəqliyyat vasitəsində ciddi texniki nasazlıq olduğunu hiss edən kimi dərhal yaxınlıqdakı dayanacaqda dayanıb və bütün sərnişinləri təcili şəkildə avtobusdan düşürüb.
Daha sonra o, yolda hərəkəti tənzimləmək və kömək istəmək məqsədilə polisə zəng vurub.
Lakin polisin gəlişini gözləyərkən idarəetmədən tamamilə çıxan və sürətlənən mikroavtobusu sürücü saxlaya bilməyəcəyini anlayıb.
Nəqliyyat vasitəsi YDM-ə doğru sürüklənərkən sürücü son anda özünü hərəkətdə olan avtomobildən bayıra ataraq sağ qalıb. Sürücüsüz qalan marşrut isə yanacaqdoldurma məntəqəsinə çırpılıb və dərhal güclü yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin bir neçə yanğınsöndürmə-xilasedici briqadası və patrul polis rəisliyi cəlb olunub.
YDM-də yanacaq çənlərinin partlamaması üçün ərazi tamamilə mühasirəyə alınıb və yanğınsöndürənlərin gərgin səyi nəticəsində alov digər obyektlərə keçmədən söndürülüb.
Sərnişinlərin vaxtında təxliyə edilməsi və sürücünün çevikliyi sayəsində hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.