Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
Bu ilin ilk doqquz ayında Azərbaycan Gürcüstan iqtisadiyyatına 105,2 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sərmayələrin böyük hissəsi 56,7 milyon ABŞ dolları olmaqla III rübün payına düşüb. Birinci rübdə sərmayələrin məbləği 24,9 milyon ABŞ dolları, ikinci rübdə isə 23,6 milyon ABŞ dolları təşkil edib.
İllik müqayisədə investisiyaların həcmi 49,5 milyon ABŞ dolları və yaxud 1,9 dəfə artıb.
Təkcə III rübdə Azərbaycan sərmayələrinin Gürcüstan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalardakı payı 10,6%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstana ən çox sərmayə yönəltmiş ölkələrin ilk onluğunda IV yeri tutub. Gürcüstana ən çox sərmayə qoyan ölkələrin ilk üçlüyündə ABŞ (93,5 milyon ABŞ dolları), İspaniya (72,1 milyon ABŞ dolları) və Türkiyə (70 milyon ABŞ dolları) yer alıb.
İyul-sentyabr aylarında ən çox sərmayə daşınmaz əmlak, nəqliyyat, su təchizatı və tullantıların idarə olunması, istehsal, informasiya və kommunikasiyalar, ticarət, tikinti, hotel və restoranlar, əyləncə və istirahət, maliyyə və sığorta fəaliyyəti sahələrinə yönəldilib.
Üçüncü rübdə Gürcüstanda birbaşa xarici investisiyaların ümumi həcmi 533,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.
mənbə: apa