Tbilisidə pişik soyuducuya girdi: Supermarket 5000 lari cərimələndi -VİDEO
Gürcüstanın Milli Qida Agentliyi, sosial şəbəkələrdə bir pişiyin mağazanın kolbasa şöbəsində "nahar" etdiyini əks etdirən videonun yayılmasından sonra "Nikora" supermarketlər şəbəkəsinin sahibini cərimələyib.
Görüntülərdə heyvanın vitrin soyuducusuna daxil olduğu, sakitcə vetçina yediyi və ara-bir sosiskalara keçdiyi əks olunub. Yaxınlıqda pişiyi dayandırmağa çalışan nə mağaza əməkdaşları, nə də alıcılar gözə dəyməyib.
Xeber.ge xeber verir ki, video qısa müddətdə internetdə sürətlə yayılaraq dövlət qurumlarının diqqətini çəkib. Agentlikdən bildirilib ki, çarxın çəkildiyi konkret mağazanın müəyyən edilib və dərhal növbədənkənar təftiş keçirilib.
Yoxlama nəticəsində sanitar normalara uyğunsuzluq üzrə "kritik pozuntular", həmçinin vaxtı keçmiş məhsulların satışı faktları aşkar olunub.
Nəticədə biznes-operator 5000 lari məbləğində cərimələnib və istehsalat prosesinin bir hissəsi müvəqqəti olaraq dayandırılıb.
İstifadə müddəti bitmiş məhsullar möhürlənib və agentliyin nəzarəti altında məhv ediləcək.