Tbilisidə FBI-ın axtardığı Rusiya vətəndaşı tutuldu
Tbilisinin beynəlxalq hava limanında saxlanılan və ağır cinayətlərə görə FBI tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsin Rusiya Federasiyası vətəndaşı Tatyana olduğu müəyyən edilib.
Xeber.ge xəbər verir ki, bu barədə "Tabula" nəşrinə saxlanılan şəxsin vəkili Beka Nemsitsveridze məlumat verib.
Vəkilin sözlərinə görə, T. Kuraşkeviç barəsində axtarış elan olunduğundan xəbərsiz olub və Gürcüstana yalnız turizm məqsədilə gəlib. Hüquq müdafiəçisi qeyd edib ki, müvəkkili irəli sürülən ittihamları qəbul etmir.
Rusiya vətəndaşı ABŞ-ın tətbiq etdiyi beynəlxalq sanksiyaların yanından keçərək, Rusiyaya təyyarə ehtiyat hissələrinin qanunsuz ixracını təşkil etməkdə təqsirləndirilir.
B. Nemsitsveridze vurğulayıb ki, Gürcüstan hüquq-mühafizə orqanlarının saxlanılan şəxsə qarşı yerli səviyyədə hər hansı bir ittihamı yoxdur və məhkəmə iclaslarında törədilən cinayətin mahiyyəti araşdırılmayacaq:
"Ona Gürcüstanda heç bir ittiham irəli sürülmür. İttihamlar sırf ABŞ tərəfindən, sanksiya siyahısında olan məhsulların idxal-ixracı ilə bağlı irəli sürülüb. Müvəkkilim Gürcüstana sadəcə turist kimi gəlmişdi, İnterpol xətti ilə axtarışda olduğu üçün burada saxlanıldı və hazırda ekstradisiya prosedurları başlayır.
Bu mərhələdə ABŞ-dan çox məhdud sayda material daxil olub, hüquqi prosedurlar dərinləşdikcə daha çox sənəd daxil olacaq.
İstənilən halda, şəxsin ABŞ-da cinayət törədib-törətmədiyini araşdırmaq Gürcüstan məhkəmələrinin səlahiyyətinə daxil deyil.
Burada sadəcə onun təhvil verilməsinin hüquqi cəhətdən nə dərəcədə məqsədəuyğun olduğuna baxacaqlar. İttiham isə Rusiyanın əvvəllər Amerikadan idxal etdiyi, lakin sanksiyalardan sonra qadağan edilən təyyarə hissələrinin gizli yollarla Rusiyaya ixrac edilməsidir".
Tbilisi Saklanılan şəxs barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən 3 aylıq ilkin saxsanılma həbsi qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sözügedən saxlanılma faktı ilə bağlı rəsmi bəyanat yayıb. Məlumatda qeyd olunur ki, DİN-in Mərkəzi Kriminal Polis Departamenti və Baş Prokurorluq əməkdaşları bu xüsusi əməliyyatı ABŞ Dövlət Departamenti ilə imzalanmış birgə bəyannamə çərçivəsində, ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) ilə sıx və ikitərəfli koordinasiyalı fəaliyyət nəticəsində uğurla icra ediblər.
Beynəlxalq səviyyədə axtarışda olan şəxsin ABŞ-a ekstradisiya edilməsi istiqamətində hüquqi proses davam edir.