Taylanddan olan 100-ə yaxın qadın Gürcüstanda "köləlik fermasında" əsarət altında saxlanılıb.
Taylanddan olan yüzlərlə qadın Gürcüstanda "köləlik ferması" adlanan yerdə qul kimi saxlanılıb. Çin cinayətkar qruplaşması onları surroqat analığa görə yüksək qazanc vədləri ilə cəlb edib. Qadınların pasportları əllərindən alınıb və yumurtalıqlarının çıxarılması üçün onlar hormonal terapiya keçməyə məcbur edilib.
Bu barədə "Nation Thailand" nəşri yazıb.
Vəziyyətlə bağlı Taylandın "Pavena Foundation" hüquq müdafiə təşkilatı məlumat yayıb. Təşkilat xilas edilən qadınların hekayələrini bölüşdüyü mətbuat konfransı təşkil edib. Zərərçəkənlərə 600 min Tayland batına qədər maaşla (təxminən 50 min lari - red.) surroqat ana kimi iş təklif edilib. Onlara bütün xərclərin qarşılanacağı, rəsmi müqavilə bağlanacağı və işin özünün isə cəmi bir ay çəkəcəyinə söz verilib. 12 qadından ibarət qrup Taylanddan BƏƏ vasitəsilə Ermənistana uçub. Orada üç gün qaldıqdan sonra onları Gürcüstana aparılıblar. Əvvəlcə onları hotellərə yerləşdiriblər, ertəsi gün isə pasportlarını əllərindən alaraq dörd evin olduğu yerə aparıblar. Qadınlar orada bir neçə ay qalıblar.
Zərərçəkənlər bu "fermada" 100-ə yaxın insanın saxlandığını bildiriblər. Bir çoxlarının səhhətində ciddi problemlər yaranıb və onlar evə buraxılmalarını xahiş ediblər. Bütün bunlara isə onların sərbəst buraxılması üçün pul (70 min Tayland batı) tələb edən Çin dəstəsi nəzarət edib. Qadınlar intensiv hormonal terapiyaya və təhlükəli prosedurlara məruz qalıblar, üstəlik bunların hamısı dəhşətli şəraitdə, heç bir sanitar qaydalarına uyğun olmayan yerdə həyata keçirilib.
Sentyabrın 9-da qadınlardan biri ona görə pul ödənildiyi üçün Taylanda qayıtmağa müvəffəq olub. Zərərçəkən tərəf baş verənləri dərhal səlahiyyətlilərə bildirib. Onlar da İnterpola müraciət ediblər. Yanvarın 30-da isə daha 3 qadın xilas edilib. Qadınların sözlərinə görə, 100-ə yaxın insan hələ də əsarətdə qalır.