Bloqer Daur Buavanın ölümü ilə bağlı daha iki nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi Daur Buavanın ölümü faktı üzrə aparılan istintaqla bağlı bəyanat yayır.
"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları Daur Buavanın ölümü faktı üzrə aparılan istintaq çərçivəsində ortaya çıxan hallarla əlaqədar Tbilisidə yerləşən iki yaşayış evində axtarış aparıblar və narkotik vasitələrin əldə edilməsi-saxlanılması ittihamı ilə iki şəxsi saxlayıblar.
XEBER.GE xeber verir ki, aparılan axtarış nəticəsində maddi sübut kimi 10 bükümdə qablaşdırılmış müxtəlif növ narkotik vasitə — 'marixuana' və 'metadon' müsadirə olunub.
Cinayət işi üzrə aparılan istintaqla, o cümlədən dindirilmələrlə təsdiqlənir ki, saxlanılan hər iki şəxsi Daur Buava və onun dünən polis tərəfindən saxlanılan rəfiqəsi ilə tanışlıq bağlayırdı.
İstintaq çərçivəsində həmçinin müəyyən edilir ki, narkocinayət ittihamı ilə saxlanılan şəxslərdən biri rəfiqəsinə narkotik vasitəni təmənnasız verib. O, sözügedən narkotik vasitəni Daur Buava ilə birlikdə qəbul edib, daha sonra isə onu həyatı üçün təhlükəli vəziyyətdə kömək üçün heç kimə müraciət etmədən tək qoyub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Daur Buavanın işi üzrə aparılan istintaq çərçivəsində avqustun 29-da xarici ölkə vətəndaşını təhlükədə qoyma ittihamı ilə saxlayıblar.
Cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir", — deyə bəyanatda qeyd olunur.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları Daur Buavanın ölümü faktı ilə bağlı başladılmış istintaq çərçivəsində təhlükədə qoyma ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.
Abxaziyalı bloqer Daur Buava avqustun 27-də Tbilisidə, yaşadığı mənzildə ölü tapılıb.