Kilsə ilə bağlı şok hesabat: Uşaqlara qarşı cinsi cinayətlər - 57 keşiş həbs edilib
İtaliya Yepiskoplar Konfransı (CEI) tərəfindən sifariş edilmiş hesabatda 2001-2021-ci illər arasında ölkədə 385 uşaq qurbanı ilə əlaqəli 880 zorakılıq hadisəsi qeydə alındığı, 57 keşişin mühakimə olunaraq həbs cəzasına məhkum edildiyi bildirilir.
XEBER.GE xəbər verir ki, ölkədəki Katolik Kilsəsinin ali orqanı olan CEI-nin noyabrın 25-də Assisidə keçirilən 83-cü Baş Assambleyasında "Günahsızlar İnstitutu (Istituto degli Innocenti)" qeyri-hökumət təşkilatı və Bolonya Universiteti tərəfindən hazırlanmış sui-istifadə halları ilə bağlı hesabatı açıqlanıb.
Hesabatda 2001-ci ildən 2021-ci ilə qədər olan 20 illik dövrü əhatə edən 133 yeparxiyada 880 zorakılıq hadisəsi ətraflı şəkildə təsvir olunub. Bu hadisələrdə 385 uşaq qurban kimi tanınıb və onlardan 70 %-i 14-17 yaşlı oğlanlar olub. Keşişlər tərəfindən törədilən və fiziki təmasla əlaqəli uşaq zorakılığı ən çox yayılmış növ olub və halların 55,6%-ni təşkil edib.
Hesabatda bildirilir ki, təqsirləndirilən şübhəlilərdən 123-ü İtaliya məhkəmə sisteminə bildirilib və onlardan 57-si həbs cəzasına məhkum edilib. CEI-nin (İtaliya Katolik Kilsəsi İnstitutu) rəhbəri kardinal Matteo Zuppi keşişlər tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarı "dəhşətli cinayət" adlandıraraq deyib:
"Gəlin utancımızı gizlətməyək. Biz bunu adı ilə çağırmalı və daşıdığı dəhşəti etiraf etməliyik". İtaliyada katolik cinsi istismar hallarına qarşı mübarizədə aparıcı təşkilat olan Zorakılıq Qurbanları Şəbəkəsi (Rete L'Abuso) CEI-nin işini "qeyri-kafi" hesab etdiklərini və hesabatda "kompensasiya" və ya "ədalət" sözlərinin qeyd edilməməsindən məyus olduqlarını bildiriblər.
mənbə: publika.az