Çoban 397 baş mal-qaranı mənimsəməkdə ittiham olunur – Rustavidə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tsalka Rayon İdarəsinin əməkdaşları külli miqdarda pulun dələduzluq yolu ilə mənimsənilməsi və özgə əmlakının qanunsuz olaraq ələ keçirilməsi ittihamı ilə bir nəfəri Rustavidə saxlayıblar.
XEBER.GE xeber verir ki, qurumun məlumatına görə, çoban işləyən təqsirləndirilən şəxs 2023–2025-ci illərdə Qardabani və Tsalka bələdiyyələrində yaşayan iki vətəndaşa məxsus 368 baş xırdabuynuzlu mal-qaranı qanunsuz olaraq mənimsəyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs başqa bir vətəndaşa məxsus 29 baş iribuynuzlu mal-qaranı da pulunu ödəyəcəyinə söz verərək aparıb, lakin vəd etdiyi məbləği ödəməyib.
Təqsirləndirilən şəxsin əməlləri nəticəsində vətəndaşlara ümumilikdə 181 400 lari məbləğində ziyan dəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu hakimin qərarı əsasında saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 182-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.