Tanzaniyada kişi xəbəri olmadan səkkiz il sinəsində bıçaqla yaşayıb
 
                                Tanzaniyada kişi səkkiz il sinəsində bıçaqla yaşayıb və ancaq tibbi müayinə zamanı bundan xəbər tutub.
Xeber.ge xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Qeyd olunub ki, Muhimbili Milli Xəstəxanasının həkimləri qeyri-adi halla qarşılaşıblar. 44 yaşlı kişi döş qəfəsində irinin olması şikayəti ilə xəstəxanaya müraciət edib. O, ağrı, öskürək və ya hərarət kimi simptomlardan şikayət etməyib və kişinin sağlamlıq göstəriciləri normal olaraq qalıb. Daha sonra həkimlər onun sinəsində bıçaq aşkar ediblər.
Müəyyən olub ki, xəstə on il əvvəl bir neçə bıçaq xəsarəti alıb. Bir müddət sonra onun yaraları sağalıb və irin görünənə qədər o, sinəsindəki bıçaqdan xəbərsiz yaşayıb. Rentgen müayinəsi göstərib ki, onun sinəsində böyük bıçaq tiyəsi ilişib qalıb. Bıçağın tiyəsi onun sağ kürək nahiyəsindən daxil olub, lakin həyati orqanlarına toxunmayıb.
Əməliyyat zamanı bıçaq çıxarılıb və irin təmizlənib. Xəstə bir gün reanimasiyada və 10 gün palatada yatıb. Həkimlər onun tam sağaldığını bildiriblər.
mənbə: oxu.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            