Süni intellekt əsaslı yeni mikroskop xərçəngi erkən mərhələdə müəyyən edəcək
Rays Universiteti və Texas Mərkəzinin tədqiqatçıları xərçəng xəstəliyini erkən mərhələdə aşkar edə bilən süni intellekt (AI) əsaslı innovativ mikroskop hazırlayıblar.
Xeber.ge xeber verir ki, "PrecisionView" adlanan cihaz qələm ölçüsündədir və tibbi diaqnostikada yeni dövrün başlanğıcı hesab olunur.
Yeni texnologiya mütəxəssislərə hüceyrə strukturlarını və qan damarlarını biopsiyaya ehtiyac qalmadan, real vaxt rejimində görməyə imkan verir.
Mövcud AI sistemlərindən fərqli olaraq, burada süni intellekt birbaşa mikroskopun optik sisteminin qurulması üçün proqramlaşdırılıb.
"PrecisionView" ənənəvi cihazlarla müqayisədə 5 dəfə daha geniş görmə sahəsinə və 8 dəfə daha dərin fokusa malikdir. Bununla belə, hüceyrə səviyyəsində təsvirin dəqiqliyi qətiyyən itmir.
Cihazın ağız boşluğu və uşaqlıq boynu toxumaları üzərində aparılan ilkin sınaqları uğurla başa çatıb və patologiyalar səhvsiz müəyyən edilib.
Cihazın istehsalı təxminən 3 000 dollara başa gəlir. Bu, onun laboratoriya infrastrukturu olmayan inkişaf etməkdə olan regionlarda və kiçik klinikalarda istifadəsini mümkün edir.
Alimlər hesab edirlər ki, süni intellekt və innovativ optikanın birləşməsi tibbi diaqnostikanın gələcəyidir və bu texnologiya milyonlarla insanı gecikmiş diaqnoz riskindən qoruyacaq.
Hazırda texnologiyanın geniş tətbiqi üçün əlavə klinik tədqiqatlar davam etdirilir.