Silahlı insident: 6 nəfər saxlanıldı

Aug 9, 2025 - 13:10
 0  26
Silahlı insident: 6 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 6 nəfəri saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, 1988-ci il təvəllüdlü D.G. sağlamlığa qəsdən ağır zərər vurmaq və odlu silah əldəetmə, saxlama və gəzdirmə ittihamı ilə tutulub. İki və ya daha çox şəxsə qarşı qrup halında zorakılıq törətməkdə isə 1981-ci il təvəllüdlü İ.M., 1989-cu il təvəllüdlü L.M., 1992-ci il təvəllüdlü D.C., 1992-ci il təvəllüdlü B.T. və 1991-ci il təvəllüdlü G.Ş. ittiham olunur. Cinayətlərə görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, 2024-cü il avqustun 8-də, Qori şəhərində D.G. mübahisə zəminində 2003-cü il təvəllüdlü L.N.-ə fiziki xəsarət yetirib. Sonradan tərəflər münaqişəni “həll etmək” üçün yenidən toplaşıblar. Təkrar qarşıdurma zamanı ittiham olunan şəxslər L.N. və onun yaxınlarına qarşı qrup halında zorakılıq göstəriblər. Bu zaman D.G. odlu silahdan bir neçə atəş açaraq L.N.-in qardaşı D.N.-i və dostu E.N.-i ayaq nahiyəsindən yaralayıb. Hər iki yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Hadisədən sonra təqsirləndirilənlər ərazidən qaçıblar.

Polis keçirdiyi əməliyyat nəticəsində şübhəliləri bir neçə saat ərzində saxlayıb. D.G.-nin zirzəmisində aparılan axtarış zamanı cinayətdə istifadə edilən “Molot Arms” markalı odlu silah maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci, 236-cı və 126-cı maddələri üzrə istintaq aparılır..

mənbə: interpress