Rustavidə 6 milyonluq haşış ələ keçirildi, 26 nəfər saxlanıldı

Aug 25, 2026 - 12:58
 0  20
Rustavidə 6 milyonluq haşış ələ keçirildi, 26 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik cinayəti ittihamı ilə ümumilikdə 26 şəxs saxlanılıb.

Rustavi şəhərində 2 xarici ölkə vətəndaşı saxlanılıb, onların yaşayış mənzilindən 33 kiloqrama yaxın "haşış" adlanan narkotik vasitə götürülüb.

XEBER.GE xeber  verir ki, bundan başqa, ötən günlərdə narkotik cinayəti ittihamı ilə daha 24 şəxs saxlanılıb, onların arasında müxtəlif formalarda narkotik satışına cəlb olunmuş 15 şəxs var.

"Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə və yayılmasına qarşı kompleks şəkildə keçirilmiş növbəti polis tədbirləri nəticəsində narkotik cinayəti ittihamı ilə Rustavi şəhərində iki xarici ölkə vətəndaşı saxlanılıb.

Təqsirləndirilən şəxslərin mənzillərindən birindən sübut kimi xüsusilə külli miqdarda — 33 kiloqrama yaxın 'tetrahidrokanabinol' (haşış) narkotik vasitəsi götürülüb ki, bunun da qara bazarda dəyəri 6 milyon lari təşkil edir. Sözügedən narkotikin bir hissəsi saxlanılan şəxslərin həmin mənzilində avtomobil təkərlərinin içindən çıxarılıb. Hüquq-mühafizəçilər tərəfindən Rustavidə təqsirləndirilən şəxslərin digər mənzilindən və mehmanxana nömrəsindən də xüsusilə külli miqdarda kokain, heroin və mefadron götürülüb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər əlbir olaraq hərəkət edib və narkotikin satışını müxtəlif üsullarla planlaşdırıblar, lakin hüquq-mühafizəçilərin operativ reaksiyası nəticəsində cinayətkar niyyətlərini həyata keçirə bilməyiblər.

Aşkar edilən şəxslərdən başqa, son bir neçə gün ərzində Tbilisi və regionlarda narkotik cinayətlərinə qarşı intensiv rejimdə keçirilən polis tədbirləri nəticəsində daha 24 şəxs saxlanılıb, onlardan 15-i narkotik satışı ilə müxtəlif formalarda məşğul olub. Bu şəxslər cinayətkar sxemlərə müxtəlif yollarla cəlb ediliblər; o cümlədən internet tətbiqlərindən, əldən-ələ ötürmə metodundan və narkotiklərin müəyyən olunmuş yerlərə qoyulması üsulundan istifadə ediblər. Hüquq-mühafizəçilər sübut kimi satış üçün hazırlanmış müxtəlif növdə xüsusilə külli miqdarda narkotik vasitələr, qablaşdırma materialları və pul götürüblər. Həmçinin xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz becərildiyi xüsusi təchiz olunmuş istixanalar da aşkarlanıb", — deyə Daxili İşlər Nazirliyinin brifinqində bildirilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260⁴, 19-260 və 265-ci maddələri ilə aparılır ki, bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.