Rustavidə : 15 yaşlı məktəbli ona təcavüz etmək istəyən 50 yaşlı kişini öldürdü-VİDEO
Rustavi şəhərində ölkə gündəmini sarsıdan dəhşətli qətlin təfərrüatları məlum olub.
Xeber.ge xəbər verir ki, 15 yaşlı məktəbli oğlan azyaşlılara qarşı cinsi istismarda şübhəli bilinən 50 yaşlı kişini mətbəx bıçağı ilə qətlə yetirib.
Yeniyetmənin ailəsi və yaxınları hadisənin tamamilə özünümüdafiə məqsədilə törədildiyini bildirərək, uşağın dərhal azadlığa buraxılmasını tələb edirlər.
Əldə etdiyi məlumata görə, qətlə yetirilən 50 yaşlı kişi əslən Azərbaycandandır və Gürcüstana cəmi bir neçə gün əvvəl gəlibmiş. O, Rustavidə kirayə mənzil götürərək, Gardabani bələdiyyəsinin kəndlərində təmir-tikinti işləri ilə məşğul olub.
Məhz Gardabaninin Nazarlo kəndində işləyərkən o, həm məktəbə gedən, həm də ailəsinə maddi kömək etmək üçün sənət öyrənən 15 yaşlı yeniyetmə ilə tanış olub və ona pul müqabilində köməkçi usta işləməyi təklif edib.
Yeniyetmə də ailəsinə dəstək olmaq sevinci ilə bu təkliflə razılaşıb.
Məktəblinin ailə üzvlərinin verdiyi ifadəyə görə, Gardabaninin Kəsəlo (Kesalo) kəndindəki növbəti təmir işi bitdikdən sonra, 50 yaşlı usta yeniyetməyə Rustavidəki evinə gedib birlikdə nahar etməyi təklif edib.
Evə daxil olan kimi isə qorxulu hadisələr cərəyan edib:
"O rəzil adam qapını arxadan kilidləyib və uşağa qarşı cinsi zorakılıq etməyə cəhd göstərib.
Azyaşlının paltarlarını zorla soyundurmağa, onu dartışdırmağa başlayıb və ondan nə istədiyini açıq şəkildə dilə gətirib. Uşaq dəfələrlə ona yalvarıb ki, qapını açsın və onu buraxsın, amma cani dayanmayıb".
Mətbəxdə baş verən boğuşma zamanı çarəsiz qalan 15 yaşlı uşaq masa üzərindəki mətbəx bıçağını görərək özünü qorumaq üçün caniyə zərbələr endirib.
Ailəsinin sözlərinə görə, həmin şəxs hətta bıçaqla yaralandıqdan sonra belə azyaşlıya qarşı cinsi zorakılıq etməyə çalışıb.
Nəhayət, caninin əlindən qurtulan məktəbli qapını açıb və dərhal qaçaraq öz xoşu ilə polisə təslim olub və baş verənləri nöqtəsinə qədər danışıb.
Həbs olunan məktəblinin qohumları və kənd sakinləri onun cinayətkar olmadığını, sadəcə öz həyatını və namusunu xilas etdiyini bildirirlər:
"O nifrətəlayiq adam uşağın gələcəyini məhv etmək istəyirdi. Biz qafqazlıyıq, bizdə belə iyrənc şeylər qəbul edilmir, uşaq niyə ona boyun əyməli idi?
Hər kəs onun yerində eyni cür davranardı. O, uşağın öldüyünü belə bilmirdi, sadəcə qorxudan qaçıb polisə sığınıb. Bu uşaq həbsxanada bir gün də qalmamalıdır".
Rustavidə qətl hadisəsinin baş verdiyi kirayə mənzildə hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri istintaq hərəkətləri tamamlanıb və ev polislər tərəfindən möhürlənib.
Saxlanılan məktəbli hazırda müvəqqəti saxlama təcridxanasındadır və ona rəsmi ittihamın verilməsini gözləyir.
O, istintaqla tam əməkdaşlıq edir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Müdafiə tərəfinin hadisənin "zəruri müdafiə həddini aşma" və ya "özünümüdafiə" kontekstində qiymətləndirilməsi üçün vəsatət qaldıracağı gözlənilir.