Gürcüstan məktəblərində sentyabrın 1-dən — Yeni Qaydalar
Gürcüstanın Təhsil Naziri məktəblərdə elektron kommunikasiya vasitələrinin istifadəsinə dair ümumi qaydaları təsdiq edən yeni əmr imzalayıb.
Hökumətin ötən ilin sonunda anonsunu verdiyi bu qərar artıq rəsmi xarakter alıb və məktəblər üçün konkret öhdəliklər müəyyən edib.
Xeber.ge xeber verir ki, yeni qaydalara əsasən, Gürcüstandakı bütün məktəblər 2026-cı il sentyabrın 1-nədək hər bir sinif otağında şagirdlərin sayına uyğun mobil telefon və smart saatların saxlanılması üçün xüsusi dolabların/seyflərin satın alınmasını və quraşdırılmasını təmin etməlidirlər.
Şagirdlər hər gün birinci dərs başlamazdan əvvəl öz mobil telefonlarını və smart saatlarını məcburi qaydada həmin xüsusi qutulara yerləşdirməyə borcludurlar. Tədris prosesi zamanı elektron vasitələrdən qeyri-təyinatı üzrə istifadə kəskin şəkildə qadağan edilir.
Yeni qaydalarda şagirdlərin bəzi hallarda istisna olaraq telefondan istifadəsinə icazə verilir:
A) Səlahiyyətli şəxsin (müəllimin) öncədən icazəsi ilə sırf təhsil-tədris məqsədləri üçün;
B) Valideynin öncədən məktəbə təqdim etdiyi rəsmi tibbi sənədlə təsdiqlənmiş sağlamlıq monitorinqi və ya digər tibbi ehtiyaclar üçün;
C) Fövqəladə hallarda və təxirəsalınmaz qəza vəziyyətlərində;
D) Xüsusi təhsil ehtiyacı olan və ya əlillik statusu bəlli olan şagirdlər üçün — inklüziv təhsil mütəxəssisinin (əgər varsa), sinif rəhbərinin və valideynin birgə qərarı əsasında;
E) Şagirdin fərdi ehtiyacları nəzərə alınmaqla, əgər bu onun öyrənmə və funksionallıq prosesi üçün mütləqdirsə və bu mütəxəssis rəyi/arayışı ilə təsdiqlənirsə;
F) Məktəbin daxili nizam-intizam qaydalarında nəzərdə tutulmuş digər xüsusi hallarda.
Şagirdlər tərəfindən bu qaydaların pozulması məktəbin daxili nizam-intizam qaydalarına və Gürcüstan qanunvericiliyinə uyğun olaraq intizam məsuliyyətinə olacaq.
Dərs saatlarında valideynlərin övladları ilə əlaqə saxlaması üçün məktəblər rəsmi kommunikasiya kanalları müəyyən etməyə borcludurlar.
Bura məktəb rəhbərliyinin qaynar xətt nömrəsi, sinif rəhbərinin iş telefonu və ya elektron poçtu, həmçinin məktəb daxili informasiya sistemləri və rəsmi sosial şəbəkə hesabları daxildir.