Kürə aşan "Jetta" ilə bağlı YENİLİK: Qəzanı törədən sürücüyə rəsmi ittiham verildi
Tbilisinin sol sahilində iyunun 2-də baş vermiş və ölkə gündəmini sarsıdan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı hüquqi proses sürətlənib.
Xeber.ge xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu qəzaya səbəb olan sürücüyə qarşı rəsmi ittiham irəli sürüb və məhkəmə onun barəsində qətimkan tədbiri seçib.
Prokurorluğun vəsatəti əsasında keçirilən ilkin məhkəmə prosesində hakimin qərarı ilə təqsirləndirilən şəxs barəsində istintaq dövrü üçün həbs qərarı çıxarılıb.
Baş Prokurorluğun bəyanatında Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqın şok detalları da yer alıb. Müəyyən edilib ki, iyunun 2-də paytaxtın sol sahilində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü eyni istiqamətdə gedən "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin gücündən "Hyundai"ın sürücüsü idarəetməni tamamilə itirərək qarşı tərəfin hərəkət zolağına keçib. Nəzarətdən çıxan avtomobil burada digər bir maşına çırpılıb və zərbənin təsirindən həmin avtomobil maneələri aşaraq düz Kür çayına yuvarlanıb.
Rəsmi qurumlar kədərli bir faktı da qeyd ediblər ki, qəza nəticəsində avtomobili ilə birgə suya qərq olan 36 yaşlı sürücü Rajden Çinçaladze və ona məxsus "Jetta" markalı nəqliyyat vasitəsinin tapılması istiqamətində dalğıcların və xilasedicilərin apardığı irimiqyaslı axtarış-xilasetmə əməliyyatları bu saata qədər hələ də heç bir nəticə verməyib.
Fasiləsiz axtarışlar davam etdirilir.
Qəza şəraiti yaradaraq zəncirvari toqquşmaya və bir nəfərin çaya düşməsinə səbəb olan "Mercedes"in sürücüsünə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (Avtomobilin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə rəsmi ittiham elan edilib.
Qanunvericiliyin bu bəndinin sanksiyası 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.