16 yaşlı qız anasının maşınını gizlicə qaçırdı, qəzada 10-cu sinif şagirdi öldü

Jun 4, 2026 - 23:37
 0  114
16 yaşlı qız anasının maşınını gizlicə qaçırdı, qəzada 10-cu sinif şagirdi öldü

Gürcüstanın Kutaisi şəhərində bir qrup yeniyetmənin məsuliyyətsizliyi ailələrə qanlı faciə yaşadıb.

Xeber,ge xəbər verir ki, gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 10-cu sinif şagirdi, gənc idmançı Giorgi Xurtsidze hadisə yerindəcə faciəvi şəkildə həyatını itirib.

Hadisənin təfərrüatları barədə yerli sakinlərdən biri "Kviris Palitra" nəşrinə şok faktlar açıqlayıb. Şahidin sözlərinə görə, avtomobildə iki oğlan və iki qız olmaqla 4 yeniyetmə olub:

"Uşaqların hamısı qonşudurlar və bir yerdə böyüyüblər. 16 yaşlı qız evdə anasının olmamasından istifadə edərək, icazəsiz və gizlicə ailəyə məxsus avtomobilin açarlarını götürüb və sükan arxasına əyləşib.

Yeniyetmələr gecə saatlarında şəhərdə gəzintiyə çıxıblar".

Qorxulu qəza gecə saat 04:00 radələrində qeydə alınıb.

İlkin versiyaya görə, sükan arxasındakı 16 yaşlı qız yüksək sürətlə idarə etdiyi avtomobilə nəzarəti itirib və maşın yol kənarında dayanmış digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəzanın ən dəhşətli məqamı isə gənc Giorginin oturma forması olub. Sakinlər bildirirlər ki, o, maşının daxilində deyil, qapının tam aşağı salınmış pəncərəsinin üzərində oturubmuş. Güclü zərbə nəticəsində 10-cu sinif şagirdi pəncərədən asfalta yıxılıb və aldığı ağır kəllə-beyin travmalarından hadisə yerindəcə keçinib.

 Sakinlər "Əgər içəridə otursaydı, mütləq sağ qalardı" deyərək göz yaşlarını saxlaya bilmirlər.

Qəza zamanı avtomobildə olan digər yeniyetmələr yüngül xəsarətlərlə canlarını qurtarıblar. Maşındakı ikinci qız dərhal klinikaya yerləşdirilib, sükan arxasındakı fəlakətə səbəb olan sürücüyə isə heç bir xəsarət dəyməyib.

Hadisə yerinə gələn polislər qəzaya səbəb olan 16 yaşlı yeniyetmə qızı elə həmin gecə şübhəli şəxs qismində həbs ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ölümə səbəb olduqda) ilə rəsmi cinayət işi açılıb. Hadisəni törədən şəxsin yetkinlik yaşına çatmaması nəzərə alınmaqla istintaq prosesi davam etdirilir.