Tramvay 35 ildən sonra Tbilisiyə qayıdır
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, 35 illik fasilədən sonra paytaxtda tramvay xətti yenidən fəaliyyət göstərəcək.
Onun açıqlamasına görə, Avropa standartlarına uyğun tramvay xətti Böyük Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək:
“Gürcüstanın müstəqillik tarixində ilk dəfə olaraq tramvay layihəsi həyata keçiriləcək. Bu gün biz tramvay xəttinin layihələndirilməsi və tikinti işlərinin satın alınması üzrə tender elan edirik. Bundan əvvəl bazar araşdırması üçün tender keçirildi və artıq əlimizdə tam məlumat var — harada, hansı sahədə və nə qədər iş görülməlidir. Böyük Diğomidə artan əhali sayını nəzərə alaraq, alternativ nəqliyyat vasitələrinin yaradılması vacibdir. Ən optimal variant tramvaydır. Onun ölçülərinə görə, bu, yerüstü ictimai nəqliyyat növləri arasında ən çox sərnişin daşıma qabiliyyətinə malikdir. Bundan əlavə, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir və uzunmüddətli dövrdə digər yerüstü ictimai nəqliyyat vasitələri ilə müqayisədə daha qənaətcildir”, — deyə Kaladze bildirib.
Merin sözlərinə görə, Didube metro stansiyasının yalnız paytaxt üçün deyil, həm də şəhərlərarası sərnişin daşımalarında strateji əhəmiyyətə malik olması səbəbindən Böyük Diğomidən bu istiqamətdə birbaşa əlaqənin yaradılması çox vacibdir.
Kaladzenin verdiyi məlumata görə, tramvay xəttinin uzunluğu 7,5 kilometr olacaq və 11 dayanacaqdan ibarət olacaq.
“Tramvay mövcud ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək. Beləliklə, hər bir vətəndaşın ehtiyaclarına uyğun, vahid, çevik, komfortlu və davamlı nəqliyyat sistemi yaradılacaq”, — deyə Tbilisi meri vurğulayıb.
Tbilisidə tramvayın bərpası illərdir müzakirə mövzusu olub. Kaladze və meriya rəsmiləri 2019-cu ildə Böyük Diğomiyə yerüstü metro və ya tramvay xəttinin çəkilməsi perspektivini gündəmə gətirmişdilər.
Paytaxtda tramvay 123 il fəaliyyət göstərib və 2006-cı ilə qədər işləyib.
mənbə: marneulifm