Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi ləğv olunur

Nov 24, 2026 - 21:12
 0  8
Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi ləğv olunur

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi ləğv olunacaq – ləğvetmə ilə bağlı müddəa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

XEBER.GE xeber  verir ki, ləğvetmə haqqında qərarı İrakli Kobaxidze bu gün, noyabrın 24-də imzalayıb.

Qərara əsasən, beş nəfərdən ibarət ləğvetmə komissiyası yaradılıb. Komissiyaya hökumət administrasiyası rəhbərinin müavini Zviad Barxaya rəhbərlik edəcək.

Komissiya yanvarın 1-dək agentliyin əmlakını, mövcud öhdəliklərini və sənədlərini inventarlaşdırmalıdır. Zərurət yaranarsa, agentliyin əmlakının, öhdəliklərinin və sənədlərinin hansı qurumlara təhvil veriləcəyini komissiya müəyyənləşdirəcək.

Komissiya həmçinin agentliyin bağlanmasından sonra qrant alanların müqavilə üzrə öhdəliklərini necə yerinə yetirdiyini yoxlayacaq qurumu seçməlidir. Agentlik isə ilin sonunadək dövlət qrantlarının verilməsi və monitorinqi qaydasını ləğv etməlidir.

Qeyd edək ki, sentyabrın 17-də İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyinin ilin sonunadək bağlanacağını bildirmişdi. Agentliyin yaradılması barədə qərarı Kobaxidze 2025-ci il aprelin 15-də imzalamışdı. Əsasnaməyə əsasən, agentlik dövlət büdcəsindən ayrılan vəsait hesabına qeyri-hökumət təşkilatlarını maliyyələşdirməli idi.