Qoqebaşvili küçəsində dava nəticəsində ölən kişinin kimliyi məlum olub – yeni təfərrüatlar

Nov 24, 2026 - 15:41
 0  9
Qoqebaşvili küçəsində dava nəticəsində ölən kişinin kimliyi məlum olub – yeni təfərrüatlar

Tbilisidə, Qoqebaşvili küçəsində baş verən münaqişə zamanı 65 yaşına yaxın kişinin ölməsi ilə bağlı şahidlər “TVPirveli” telekanalına danışıblar. Həyatını itirən şəxsin 64 yaşlı Malxaz Topuriya olduğu bildirilir.

XEBER.GE xeber  verir ki, yerli sakinlərin sözlərinə görə, 64 yaşlı kişi Vera rayonunda yerləşən restoranlardan birinin qarşısındakı parkinq yerindən tez-tez istifadə edirmiş. Bu gün həmin yerdə başqa avtomobil gördükdən sonra onun sahibindən maşını başqa yerə çəkməsini istəyib.

Şahidlərin sözlərinə görə, bu xahiş restoranın içərisindən çıxan şəxslərlə mübahisəyə səbəb olub. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Bu zaman Topuriya yerə yıxılıb və həyatla bir araya sığmayan xəsarət alıb.

Mərhumun tanışlarının sözlərinə görə, 64 yaşlı kişinin həyat yoldaşı və övladı İngiltərədə yaşayır. Məlum olub ki, Topuriya İveria küçəsində yerləşən “1000 xırda şey” mağazasında işləyirmiş və tez-tez bu ərazidə olurmuş.

Versiyalardan birinə görə, davada iştirak edən şəxslər hadisə yerindən qaçmayıblar və Vera rayonunda patrul polisi əməkdaşlarını gözləyiblər.

Daxili İşlər Nazirliyindən “TVPirveli”yə bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə ölümə səbəb olan qəsdən ağır sağlamlıq xəsarəti yetirilməsini nəzərdə tutur.

Davada iştirak edən şəxslər polis bölməsinə aparılıblar.