Quranda və hədisdə istiğfarın məfhumu

Dec 8, 2025 - 11:27
 0  13
Quranda və hədisdə istiğfarın məfhumu

 

 “İstiğfar” sözü “ğufr” kökündən gələn məsdərdir və “örtmək”, “gizlətmək” mənasını ifadə edir. Buna görə də, lüğəvi baxımdan istiğfar “örtmək üçün istək və tələb” deməkdir.

“Ğufr” kökündən törəyən sözlər müxtəlif formalarda Quranda 234 dəfə işlədilmişdir. Yalnız yeddi yerdə bağışlanma istəməyə təşviq olunmuşdur. Uca Allah da 91 dəfə “Ğafur”, beş dəfə “Ğaffar” və bir dəfə “Ğafir” sifəti ilə yad edilmişdir. Günahkarlara qarşı bağışlanma ilə bağlı geniş təsvirlər, Allahın rəhmət və mərhəmətinin sonsuzluğunu göstərir. 

Məğfirət “örtmək” mənasında olsa da, Allahın günahları örtməsi və gizlətməsi insanın bağışlamasından tamamilə fərqlidir və onunla müqayisə edilə bilməz. İnsan başqasının səhvini bağışlayaraq ondan göz yumur, lakin günahın həqiqəti qalır və qəlbinə, üzvlərinə ləkə kimi oturur: «بل رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ» Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır (Mutəffifin: 14). Allah-Taalanın örtməsi isə günahın izlərini və nəticələrini tamamilə aradan qaldırmaq deməkdir. 

Allahın örtməsi və bağışlaması ən yüksək növ məğfirətdir, insan təsəvvürünün fövqündədir və yalnız aləmlərin yaradıcısından hasil ola bilər. Elə bir mərhələyə çatır ki, günahlar yaxşı əməllərə çevrilir. Necə ki, Allah-Taalanın böyük günahlar işləyən və cəhənnəmdə ikiqat əzaba layiq olan şəxslər haqqında buyurduğu ayədə belə deyilir: 

“İstisna olmaqla o kəslər ki, tövbə edib iman gətirər və yaxşı əməl işləyər, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir” (Furqan: 70). 

mənbə: iqna