Qohumlar arasında qanlı hesablaşma: 1 ölü, 1 intihar edən şübhəli
Qohumlar arasında baş verən qanlı hesablaşmanın səbəbinin illərlə davam edən torpaq sahəsi və mal-qara otlaq yeri ilə bağlı mübahisə olduğu ehtimal edilir. 70 yaşlı kişi qohumunu öz evində ov tüfəngi ilə bir neçə dəfə güllələyib.
Nəticədə 55 yaşlı kişi aldığı yaralardan hadisə yerində ölüb.
Qanlı hadisənin dəqiq səbəbini istintaq müəyyən etməlidir. Lakin yerli sakinlərin sözlərinə görə, Oktomberi kəndində yaşayan kişilər arasında uzun müddətdir münaqişə mövcud olub. Mübahisə mal-qaranın otarıldığı ərazi ilə bağlı başlayıb.
Xeber.ge “Pirvelebi”nin məlumatına görə, ov tüfəngi ilə öldürülən şəxs Oktomberi kənd sakini Edişer Şamuqiyadır. Məhz onun evi qanlı hadisənin baş verdiyi yer olub və istintaq əməkdaşları burada bir neçə saat ərzində araşdırma aparıblar.
Yayılan məlumata görə, kişilər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Ehtimala əsasən, bundan sonra Baxu Şamuqiya öz evinə gedərək odlu silah götürüb, daha sonra qohumunun evinə qayıdaraq ona bir neçə dəfə atəş açıb.
Cinayətdən bir neçə saat sonra qəsdən adam öldürməkdə şübhəli bilinən pensiyaçı polis tərəfindən axtarışa verilib.
Lakin sonradan qohumunu odlu silahla öldürdüyü iddia edilən kişi öz evində ölü tapılıb. İlkin məlumata görə, o, cinayəti törətdikdən sonra intihar edib.