Darialidə saxlanılan 19 Ukrayna vətəndaşı kömək istəyir

Jun 10, 2026 - 21:14
Jun 10, 2026 - 22:37
 0  21
Darialidə saxlanılan 19 Ukrayna vətəndaşı kömək istəyir

“Ukraynanın 19 vətəndaşı kömək istəyir” – bu barədə Daria Samodurova sosial şəbəkədə yazıb. O bildirib ki, Dariali sərhəd-keçid məntəqəsinin zirzəmisində saxlanıldıqlarını iddia edən Ukrayna vətəndaşları onunla əlaqə saxlayıblar.

Onun sözlərinə görə, söhbət bir və ya iki gündən deyil, bir ildən gedir. Hazırda zirzəmidə 19 nəfər saxlanılır.

Xeber.ge xeber  verir ki, Daria Samodurovanın iddiasına görə, həmin şəxslər əvvəlcə Rusiya hərbçiləri tərəfindən Ukrayna ərazisindən aparılıb, daha sonra isə Rusiyadan Gürcüstana məcburi şəkildə çıxarılıblar. Gürcüstan sərhədində pasport nəzarətindən keçərkən, heç bir izahat verilmədən Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən zirzəmiyə yerləşdiriliblər.

Samodurova bildirir ki, saxlanma şəraiti olduqca ağırdır: zirzəmi nəmdir, pəncərəsi və havalandırma sistemi yoxdur, sanitar qovşağı və anbarı yoxdur. Onun sözlərinə görə, saxlanılan şəxslər ərzaq, dərman, tibbi yardım və gigiyena vasitələri ilə təmin olunmurlar, zirzəmidə antisanitar vəziyyət hökm sürür.

O qeyd edir ki, bu şəxslərin hərəkət azadlığı məhdudlaşdırılıb və onların Gürcüstana buraxılmamasına dair rəsmi qərar, yaxud zirzəmidə saxlanılmalarını nəzərdə tutan məhkəmə qərarı mövcud deyil. Həmçinin, onların bu şəraitdə saxlanılmasını əsaslandıran qanuni səbəb olmadığını iddia edir.

Samodurovanın sözlərinə görə, Rusiyadan çıxarılan Ukrayna vətəndaşlarının Darialidə bu cür şəraitdə saxlanılması praktikası təxminən üç il əvvəl başlayıb və məsələ ilə bağlı müxtəlif dövlət qurumları, o cümlədən Ombudsman Aparatı məlumatlandırılıb.