Qeydiyyatsız kriptovalyuta əməliyyatları aparan menecer saxlanıldı
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, qeydiyyatsız virtual aktiv xidmət provayderinin meneceri saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Gürcüstan Milli Bankında məcburi qeydiyyatdan keçmədən on milyonlarla ABŞ dolları dəyərində virtual aktiv əməliyyatları, o cümlədən virtual aktivlərin nağd pula konvertasiyasını həyata keçirib. Sözügedən fəaliyyətlə təqsirləndirilən şəxs ölkədə nəzarətsiz beynəlxalq əməliyyatların aparılmasına şərait yaradıb.
İstintaq tədbirləri nəticəsində kompyuter texnikası, onlarla bank kartı, müxtəlif növ sənədlər, nağd pul — 83 903 ABŞ dolları, 300 avro və 79 600 ABŞ dolları dəyərində kriptovalyuta götürülüb", — İstintaq Xidmətinin bəyanatında deyilir.
Saxlanılan şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin bildirdiyinə görə, bu cinayət əməlinə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi və ifşası, habelə vergidən yayınma və ehtimal olunan qanunsuz gəlirlərin leqallaşdırılması (çirkli pulların yuyulması) faktlarının üzə çıxarılması məqsədilə müvafiq tədbirlər davam etdirilir.