Dəmir Yollarının keçmiş rəhbərinin 17 milyonluq "metal" fırıldağı

Jun 17, 2026 - 15:49
 0  17
Dəmir Yollarının keçmiş rəhbərinin 17 milyonluq "metal" fırıldağı

Gürcüstan Baş Prokurorluğu, mütəşəkkil dəstə tərəfindən xidməti mövqedən sui-istifadə edərək külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi, qanunsuz gəlirlərin leqallaşdırılması habelə saxta vergi və rəsmi sənədlərin hazırlanmasının təşkili, saxtalaşdırılması və istifadəsi faktları üzrə 8 nəfərə qarşı rəsmi ittiham irəli sürüb.

XEBER.GE xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq nəticəsində "Gürcüstan Dəmir Yolları" SC-nin keçmiş rəhbərliyi tərəfindən idarə olunan milyonluq korrupsiya sxeminin üstü açılıb.

Prokurorluğun rəsmi bəyanatına əsasən, 2019-cu ilin payızında "Gürcüstan Dəmir Yolları" SC-nin o zamankı baş direktoru Davit Peradze mütəşəkkil cinayətkar qrup yaradıb. Əvvəlcədən hazırlanmış plana görə, bu qrup səhmdar cəmiyyətə məxsus metal qırıntılarının toplanması, daşınması və çeşidlənməsini elə tənzimləməli idi ki, onun ilkin dəqiq həcmini müəyyən etmək qeyri-mümkün olsun.

Cinayətkar sövdələşməyə uyğun olaraq, dəmir yolunun müxtəlif ərazilərindən toplanan qırıntı metallar anbarlara yerləşdirilmək əvəzinə, sistemli şəkildə yük avtomobilləri ilə daşınaraq birbaşa "GeoSteel" MMC-nin zavoduna təhvil verilib. Bu prosesi gizlətmək üçün isə mütəşəkkil dəstə tərəfindən saxta vergi sənədləri tərtib olunub.

İstintaq materiallarına görə, 2020-2021-ci illərdə cinayətkar qrup üzvləri "Gürcüstan Dəmir Yolları"na məxsus 22 120 ton metal qırıntısını mənimsəyiblər. Mənşəyi dəyişdirilən bu metallar "GeoSteel" şirkətinə satılıb, satışdan əldə olunan milyonlarla vəsait isə sxemə cəlb edilmiş fərdi sahibkarların bank hesablarında toplanaraq dövri olaraq nağdlaşdırılıb və dəstə üzvləri arasında bölüşdürülüb. Nəticədə "Gürcüstan Dəmir Yolları"na 17 391 121 lari həcmində külli miqdarda maddi ziyan vurulub.

Bundan başqa, Davit Peradze 2022-ci ildə növbəti mütəşəkkil qrupu formalaşdırıb. 2022-ci il aprelin 29-da "Gürcüstan Dəmir Yolları" SC ilə "Raveldi" MMC arasında relslərdəki qüsurların bərpası xidmətinin satın alınmasına dair müqavilə imzalanıb.

İşlərin gedişi zamanı Davit Peradzenin birbaşa göstərişi və təşkilatçılığı ilə, dəmir yolunun İnfrastruktur filialının o zamankı direktoru və podratçı şirkətin rəhbəri tərəfindən qəbul-təhvil aktlarına saxta məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında "Raveldi" MMC-yə yerinə yetirilməyən işlərə görə əlavə olaraq 403 844.69 lari artıq pul ödənilib və dövlət şirkətinə növbəti böyük ziyan vurulub.

Hazırda həbs edilən şəxslərə, habelə qiyabi ittiham olunan digər iki nəfərə qarşı xidməti mövqedən sui-istifadə etməklə mütəşəkkil dəstə tərəfindən törədilmiş külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və saxta sənəd hazırlama/istifadə maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi xahişi ilə məhkəməyə müraciət edəcək.

Ölkədə olmayan və barələrində qiyabi ittiham irəli sürülən iki nəfər haqqında isə rəsmi axtarış elan olunacaq.