Gürcüstanda "oğru dünyası"na qarşı irimiqyaslı xüsusi əməliyyat keçirilib
Son 24 saat ərzində Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində həyata keçirilən kütləvi polis tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında "oğru dünyası" ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb.
XEBER.GE xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze məlumat verib.
Onun sözlərinə görə, irimiqyaslı əməliyyat Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti tərəfindən Baş Prokurorluqla birgə keçirilib. Araşdırmalar zamanı daha 9 nəfərə qarşı da ittiham irəli sürülüb. Onların bir qisminə cəzaçəkmə müəssisələrində, digərlərinə isə qiyabi olaraq, o cümlədən xaricdə olan qanuni oğruya qarşı ittiham elan edilib.
Hüquq-mühafizə orqanlarının məhkəmə qərarı əsasında həyata keçirdiyi intensiv gizli istintaq hərəkətləri nəticəsində müəyyən olunub ki, cinayətdə ittiham olunan şəxslər maliyyə mübahisələrini həll etmək üçün "oğru sxemləri" təşkil ediblər.
Bu proseslərdə xaricdə yaşayan və "kriminal avtoritet" kimi tanınan Elmuraz Məmmədov da fəal iştirak edib.
Məlum olub ki, Elmuraz Məmmədov Gürcüstandakı əlaqəli şəxslərlə mütəmadi əlaqə saxlayaraq, həm şəxsi mənfəət əldə etmək, həm də "oğru dünyası"nın xeyrinə qondarma "oğru qanunları" əsasında vətəndaşların bizneslərindən külli miqdarda pul tələb edib.
Müəyyən olunmuş müddətdə pulları ödəməyən şəxslər isə fiziki zorakılıq və ölümlə hədələniblər.
Polisin keçirdiyi axtarışlar zamanı cinayət işinə aid çoxlu sayda maddi sübutlar ələ keçirilib:
Şübhəlilərin xaricdəki kriminal avtoritetlə əlaqə yaratmaq üçün istifadə etdikləri mobil telefonlar və kompüter texnikası;
Mənzillərdən tapılan və ehtimala görə "oğru obşakı" üçün toplanmış 62 min dollardan çox nağd pul;
Müttəhimlərə məxsus lüks avtomobillər;
Çoxlu sayda odlu silah və döyüş sursatı.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223¹ (oğru dünyasına üzv olmaq), 223³ (oğru dünyasının fəaliyyətinə dəstək vermək) və 223⁴ (oğru dünyasının iştirakçısı ilə əlaqə saxlamaq və ya ona müraciət etmək) maddələri ilə istintaq aparılır. Bu maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa və "oğru dünyası"na qarşı mübarizə tədbirlərinin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.